“Honka” klubunun baş məşqçisi “Qarabağ”ın hücumçularından qorxmur
30.07.2009 - 10:45
“Honka” klubunun baş məşqçisi “Qarabağ”ın hücumçularından qorxmur
“Finlandiyaya əsl peşəkar komanda gəlib. Ötən mərhələdə qarşımıza Şimali İrlandiya “Banqor”unun uşaqları çıxmışdısa, indi vəziyyət tam fərqlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın “Honka” klubunun baş məşqçisi Mika Lexkosuo deyib.

Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Espo təmsilçisinin çalışdırıcısı ilk oyun ərəfəsində mətbuat konfransı keçirib. Lexkosuo təmsilçimizin güclü tərəflərindən xəbərdar olduğunu açıqlayıb: “Qarabağ”ın “Rusenborq”la hər iki oyununun DVD diskini izləmişik. Rəqibimizin komanda oyunu futbolçuların fərdi ustalığı ilə müqayisədə daha çox diqqət çəkir. Onlar çox sıx oynayıb, sərt mübarizə aparır. Özü də çox diqqətli və intizamlıdırlar. “Rusenborq” iki görüşün üst-üstə 180 dəqiqəsi ərzində qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. Bu da “Qarabağ”ın müdafiəsinin əməyidir. Amma hücum xəttindəki yaradıcılıq haqda bu sözləri demək olmaz”.

Lexkosuo ağdamlıların müdafiə sədlərini qırmaqla bağlı hələ də baş sındırır: “Rusenborq” uzun ötürmələrlə “Qarabağ”ın müdafiə xəttini yarmaq istəyirdi. Və bunu bacarmadı. Biz isə müdafiə xəttinə yaxınlaşmalıyıq. Belə bir fikir səslənir ki, diaqonal ötürmələrlə onların qapısına yaxınlaşmaq mümkün deyil. Amma biz müdafiə xəttindəki boşluqları tapıb vaxtında istəyimizə çatmalıyıq. “Rusenborq”u dayandırmaqla yanaşı, rəqibimizlə bağlı daha bir faktı unutmamalıyıq. Belə ki, “Qarabağ”ın 8 oyunçusu Azərbaycan, 1 futbolçusu isə Albaniya yığmasında çıxış edir”.

Qeyd edək ki, bu gün keçiriləcək “Honka” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
0