Petkov: Feliks başı yerə dəyəndən sonra huşunu itirdi
30.07.2009 - 12:38
Petkov: Feliks başı yerə dəyəndən sonra huşunu itirdi
“Levski” klubunun kapitanı və qapıçısı Georgi Petkovun Bolqarıstan mətbuatına müsahibəsi

- “Bakı” ilə oyun sizdə hansı təəssürat yaratdı?
- İlk növbədə onu qeyd edim ki, qarşımızda elə bizim gözlədiyimiz bir komanda var idi. Yəni, Azərbaycan çempionunun yaxşı komanda olması ilə bağlı fikirlərimiz qarşılaşma zamanı bir daha təsdiqləndi. Bu komandaya böyük pullar xərclənib və xalq onları sevir. Əgər kimsə bizim yüngül gəzintidən döndüyümüzü düşünürsə, böyük səhvə yol verir. Bu matçda qələbə qazanmaq istəyirdik. Bacarmamışıqsa, deməli, rəqib də güclü olub. Sofiyadakı görüşdə işimiz çox çətin olacaq. Ümidimiz azarkeşlərin dəstəyinədir.

- Oyun ərəfəsində hamı qələbənin vacibliyini vurğulasa da, bu, baş vermədi. Bunu nə ilə izah edərdiniz?
- Şəxsən mən qələbə qazanacağımıza şübhə etmirdim. Hələ birinci hissədə Orteqa əlverişli imkanı qaçırmasaydı, hər şey belə də olacaqdı. Amma rəqibimizin də qol imkanları oldu. Cavab oyununda ehtiyatlı olmalıyıq.

- Rabehlə Feliks arasında yaşanan toqquşmanı yaxından görə bildiniz?
- Mən nəsə deməyə çətinlik çəkirəm. Qoy bunu başqaları etsin. Epizod mənim qoruduğum qapı qarşısında baş verdiyindən, vəziyyəti şərh etməyim düzgün deyil. Epizodun video təkrarı göstərir ki, Feliks yerə yıxılanda başı yerə dəyib. Və huşunu da məhz bu zərbədən itirib.

- Növbəti dəfə “Levski”nin qəhrəmanına çevrilirsiniz. Deyəsən, buna öyrəşmisiniz?
- Hansı qəhrəmanlıqdan danşırsınız? Qəhrəman qalib gələn komanda olur.

- Baş məşqçi dəyişikliyinin komandaya müsbət təsir etdiyi görünür...
- Əlbəttə, bu belədir. Baş məşqçi dəyişikliyi yaxşı təsir edib. Amma bu, o demək deyil ki, yeni çalışdırıcımız Ratko Dostaniç 2-3 günə nəsə edib. Sadəcə, biz futbolçulara daha çox güvənildiyini görəndə, özümüzü daha yaxşı hiss edirik.

- Qarşılaşmanın sonunda üstünlük meydan sahiblərinə keçdi. Komandanızda sanki “panika” yaranmışdı. Buna səbəb nə idi?
- Yəqin ki, “panika” deyəndə son dəqiqəni nəzərdə tutursunuz. Problem onda idi ki, topu saxlaya bilmirdik. Sanki ayağımıza top düşən kimi, ondan yaxa qurtarmağa çalışırdıq. Hərçənd, onu saxlamalı, özünəinamı qaytarmalı idik.

- Bəs bu özünəinam niyə itmişdi?
- Yorğunluq öz işini görmüşdü.

- Növbəti mərhələyə çıxmaq şanslarını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, “Levski” “Bakı”dan daha şanslıdır. Ümumilikdə isə 0:0 heç də yaxşı nəticə deyil. Qələbə qazanmaq lazımdır. Bu da asan olmayacaq.
0