“Şikayətimiz UEFA-ya çatsa, qitə futbol qurumu AFFA-nı cəzalandıracaq”
30.07.2009 - 13:25
“Şikayətimiz UEFA-ya çatsa, qitə futbol qurumu AFFA-nı cəzalandıracaq”
“Əgər şikayətimiz UEFA-ya çatsa, qitə futbol qurumu AFFA-nı cəzalandıracaq. “Bakı”nı bu məsələdə günahkar saymırıq. Onlar bizə qarşı çox yaxşı münasibət göstərdilər. Bakıdakı hava limanında problemlə üzləşdiyimizdən, Azərbaycanın xarici işlər naziri ilə əlaqə saxlanıldı. Ancaq bu, nəqliyyat problemini həll etmədi. Görünür, onların daxili qanunları belə imiş”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bolqarıstanın “Levski” klubunun prezidenti Todor Batkov deyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində iyulun 28-də “Bakı”nın qonağı olan (0:0) sofiyalılar elə həmin gün ölkəmizi tərk edə bilməyiblər. Belə ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının mövcud qaydalarına əsasən, saat 00:00-dan 07:00-dək uçuşlar qadağan olunub. Sənədlərini, əşyalarını vaxtında qeydiyyatdan keçirə bilməyən qonaqlar hava limanında gecələməli olub. Nəticədə əlavə xərcə düşən Batkov ödədiyi 9000 avronun qaytarılmasını tələb edir: “Əlbəttə, bu məbləği geri almaq niyyətindəyəm. Bolqarıstan Hava Yolları məsələni həll etməlidir. Biz məhkəmədə kompensasiya tələb etməyəcəyik. Sonda Bolqarıstan Hava Yolları pulumuzu qaytaracaq. Baş verənlər “Bakı” ilə münasibətlərimizə təsir etməyəcək”.

Bakıda oyun haqda fikirlərini bildirən “Levski”nin sahibi ikinci təsnifat mərhələsində yendikləri Andorranın “Sent Culiya” istisna olmaqla, Avropada zəif komanda olmadığını bəyan edib. Paytaxtımızda iqlimdən narahat olan Batkov isti havada, nəmişlikdə nəfəs almağın ağır olduğunu deyir: “Bakı” klubu məni təəccübləndirdi. Mən 3 il öncə şəxsi işlərimlə əlaqədar Bakıda olmuşdum. Həmin vaxtdan fərqli, bu dəfə gördüklərimə heyran oldum. İndi orada klub prezidentlərinin çoxu ciddi biznesmenlər sayılır və futbola çoxlu pul sərf edilər. Bakıdakı həmkarlarım klubun maddi ehtiyaclarını yüz faiz təmin edirlər. “Bakı”nın keçmək heç də asan olmayacaq. Biz rəqibi məğlub edə, mübarizədən kənarlaşdıra da qala bilərik. Sofiyadakı oyunda bizim üçün əsas yaxşı nəticədir. Cavab görüşünə nikbin baxıram. Bizdə mükafat Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa görə nəzərdə tutulub. Futbolçularımız da yaxşı bilir ki, oynayıb, buna nail olmaq lazımdır”.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə Batkovun açıqlamasını gülüşlə qarşılayıb. Onun fikrincə, hava limanında üzləşdikləri vəziyyətə görə, “Levski” rəhbərliyi günahkardır: “Bolqarlar işlərini peşəkarcasına görsəydilər, belə problemlə üzləşməzdilər. Fikrimcə, UEFA onların şikayətinə baxıb güləcək”.

Qeyd edək ki, “Levski" – “Bakı” oyunu avqustun 5-də keçiriləcək.
0