Həm “Levski”də, həm də “Bakı”da oynayan futbolçu kimdir?
30.07.2009 - 14:02
Həm “Levski”də, həm də “Bakı”da oynayan futbolçu kimdir?
“Vilyam Roşa Batistanı çox yaxşı tanıyıram. O, mənimlə eyni komandada forma geyinib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun qapıçısı Georgi Petkov deyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” ilə qarşılaşan balkanlıların təcrübəli kapitanı təmsilçimizin braziliyalı hücumçu ilə birgə Sofiya klubunda oynadığı dövrü xatırlayıb. Petkov sabiq komanda yoldaşına qarşı keçirdiyi oyun zamanı Batistanın zədələnən Felipe Feliks Almeydanı əvəzləməsinə münasibət də bildirib: “Feliks meydanı tərk edəndə heç də rahatlaşmadıq. Çünki Feliksi əvəzləyən Batistanı bizimlə birgə “Levski”də oynadığı dövrdən tanıyırdıq. Onun oyuna daxil olması ilə bakılılar daha çox cinahlara üstünlük verməyə başladı. Onların oyun sistemini dəyişməsi matçın axarına da təsir etdi. Biz özümüzü itirdik”.

Qeyd edək ki, yarım il əvvəl “Bakı”ya keçən Batista həm təmsilçimizin, həm də onun rəqibi olan “Levski”nin heyətində oynamış yeganə futbolçudur. 29 yaşlı braziliyalı hələ 2001-ci ilin yayında gənc ikən Sofiya təmsilçisinə transfer olunub. Həmin vaxt Petkovla birgə “Levski”nin debütantı olan Vilyam Roşa 2001/02 mövsümünün sonunadək komandada qala bilməyib. Cəmi bir matçda “göylər”in şərəfini qoruyan cənubi amerikalı zədələnərək sıradan çıxıb. Elə bu səbəbdən “Levski” əməliyyatdan sonra onu Pleven “Spartak”ına icarəyə verib. Bu komanda ilə Bolqarıstan çempionatında qol vuran hücumçu həmin ölkədəki karyerasını bitirib.
0