ŞOK: Batista “Bakı”dan ayrılıb Ukraynaya danışıqlara yollandı
30.07.2009 - 14:33
ŞOK: Batista “Bakı”dan ayrılıb Ukraynaya danışıqlara yollandı
Vilyam Roşa Batista “Bakı” klubunun düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, yenidən Ukraynada oynamaq istəyən braziliyalı hücumçu karyerasının ən yaxşı illərini keçirdiyi “Karpatı” (Lvov) ilə danışıqlara yollanıb.

28 yaşlı hücumçu Ukraynada ilk olaraq Lvov təmsilçisinin şərəfini qoruyub və 68 oyunda 22 qol vurub. 2005-ci ilin qışında “Karpatı”ya keçən zaman komanda birinci liqada mübarizə aparırdı. Həmin il Ukrayna kubokunda özünü ən yaxşı tərəfdən göstərən Vilyam 1/16 finalda “Çernomorets”, 1/8 finalda “Şaxtyor”, ¼ finalda “Vorskla” ilə görüşdə qələbə topunun müəllifi olub. Lvovlular yalnız yarımfinalda ölkənin ən titullu komandası olan Kiyev “Dinamo”suna uduzaraq mübarizəni dayandırıb.

Həmin vaxt Batistanın adı “Dinamo”nu Çempionlar Liqasında mübarizədən kənarlaşdıran “Tyun” (İsveçrə) ətrafında hallansa da, Batista 2-ci yeri tutub güclülər dəstəsinə yüksələn komandasına yardımçı oldu. Növbəti mövsümdə Ukraynanın güclülər dəstəsində vurduğu 10 qolla ən yaxşı bombardir Aleksandr Qladkidən 3 top geri qalan Vilyama 2007-ci ildə “Dinamo” maraq göstərsə də, yenə “Karpatı”da qalmağa üstünlük verib. 2008-ci ilin qışında 1 milyon dollara “Xarkova”a satılan Batista həmin komandanın heyətində 17 görüşdə 3 qol vurub.

“Bakı”nın ötən qış xarkovlulardan icarəyə götürdüyü hücumçu komanda ilə Azərbaycan çempionu olmasında böyük rol oynadı. Ölkə çempionumuz Batistanı saxlamaq istəsə də, o, parladığı komandaya qayıtmaq istəyir. Həmyerlisi Feliks Felipe Almeydanın gəlişindən sonra əsas heyətdən kənarda qalan Vilyam hər halda, “Levski” ilə avqustun 5-də Sofiyada keçiriləcək cavab görüşündə “Bakı”ya kömək edəcək. Sabah geri qayıdacaq braziliyalının gələcək taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, 8 il öncə “Levski”də oynayan Batista Ukraynanın güclülər dəstəsində keçirdiyi 56 oyunda 17 qol vurub.
0