Zeynal Məmmədov: Batistaya edilən təklif “Bakı” üçün də sərfəlidir
30.07.2009 - 14:52
Zeynal Məmmədov: Batistaya edilən təklif “Bakı” üçün də sərfəlidir
“Həqiqətən də Batistaya “Karpatı”dan ciddi maraq var. Köhnə komandası braziliyalı hücumçunu yenidən sərəncamında görmək istəyir”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Bakılılar Vilyam Roşa Batistanı ötən qış Ukraynanın “Xarkov” klubundan yarım il müddətinə sonradan transfer hüquqlarına sahib çıxmaq şərti ilə icarəyə götürdü. Məmmədovun sözlərinə görə, 29 yaşlı braziliyalı hücumçu təklifə üz çevirə bilməyib: “Əslində, “Karpatı” onu geri qaytarmaq istəyir. Onların təklifi cəlbedici, klub üçün də sərfəlidir. Onu deyim ki, lvovlular Batistanın keçidinin müqabilində yaxşı məbləğ təklif edirlər. Bizə məxsus olan futbolçu geri qayıdandan sonra təklifi götür-qoy edib, qərar verəcəyik”.

“Bakı”nın Nalçikin “Spartak”ından yarım illiyə icarəyə götürdüyü Feliks Felipe Almeyda Çempionlar Liqasında özünü ən yaxşı tərəfdən göstərməklə, həmyerlisini əsas heyətdən kənarda qoydu. Təsadüfi deyil ki, paytaxt təmsilçisinin cari mövsümdəki həmin üç oyununda Feliks əsas heyətdə meydanda çıxmış, Vilyam ikinci hissədə onu əvəzləmişdi. Vitse-prezident Felipenin transfer məsələsi ilə də məşğul olacaqlarını söyləyib: “Biz Feliksi almaq istəsək də, “Spartak” onu bizə yarım illiyə icarəyə verdi. Yaxşı fiziki göstəricilərə malik hücumçu elə ilk oyunlarda ümidlərimizi doğrultdu. Belə olan halda, Felipeni komandamızda daha çox qalmasını istəyirik. “Spartak”a futbolçunun icarə müqaviləsinin müddətini artırmaqla bağlı rəsmi müraciət edəcəyik. Yəni, onun icarəsini bir illik, gələn mövsümün sonuna qədər uzatmaq istəyirik. Bununla bağlı danışıqlar aparacağıq. Elə Feliksin özü də komandamızda qalmaq istəyir. Bilirsiniz, futbolçunun çıxış etdiyi hər klubda oyunu alınmaya bilər. Feliksin “Spartak”da yox, bizdə oyunu alındı. Bildiyimə görə, onun nalçiklilərlə hələ iki illik müqaviləsi qalıb. Batistanı buraxsaq, Felipeni daha çox saxlamaq fikrindəyik”.

Qeyd edək ki, Feliks “Bakı”nın heyətində keçirdiyi üç rəsmi oyunda 3 qol vurub.
0