Belaruslu futbolçu “İnter”dən imtina etdi
30.07.2009 - 16:26
Belaruslu futbolçu “İnter”dən imtina etdi
Belarus milli komandasının futbolçusu Aleksandr Qleb İtaliya “İnter”inə gələsi olmayıb. Apasport.az saytının məlumatına görə, “Barselona” 28 yaşlı yarımmüdafiəçisini “Ştutqart”a göndərib. Qleb gələn mövsüm orada icarə əsasında çıxış edəcək. Buna qədər Qlebin “İnter” klubuna icarəyə verilməsi planlaşdırılmışdı.

Belə ki, “Barselona” isveçli hücumçu Zlatan İbrahimoviçin müqabilində milanlılara 46 milyon avro, kamerunlu Samuel Eto’O-nu birbaşa, Qlebi isə icarəyə vermişdi. Ancaq belaruslu “İnter”də oynamaqdan imtina edib və keçmiş komandası “Ştutqart”a qayıtmağı üstün tutub. Aleksandr məhz bu Almaniya klubunda bir futbolçu kimi parlayıb və ardından Londonun “Arsenal” klubuna transfer olunub. Artıq “Barselona”nın rəsmi saytı da Qlebin “Ştutqart”a keçidini təsdiqləyib.

Qeyd edək ki, Qleb ötən yay 4 illik müqavilə bağladığı “Barselona” ilə bir ilə üç titul – ölkə çempionluğu, kuboku və Çempionlar Liqasını qazansa da, heyətə düşə bilməyib. O, nadir hallarda meydana çıxdığı komandanın heyətində qol hesabını aça bilməyib. Qleb milli komandada ölkəmizdə çıxış edən həmyerlisi Valentin Belkeviçlə uzun müddət bir yerdə oynayıb. Ancaq o, 36 yaşlı Belkeviçdən fərqli “İnter”in formasını geyməyə razılıq verməyib. Valentin Milan yox, Bakı “İnter”ində çıxış edib və ötən qış bu komandanı tərk etdikdən sonra futbolçu karyerasını bitirib.
0