Krasnojan: İlqarla Subaşiçin komandamıza keçidi gündəmdə deyil
30.07.2009 - 18:00
Krasnojan: İlqarla Subaşiçin komandamıza keçidi gündəmdə deyil
“Branimir Subaşiçlə İlqar Əbdürəhmanov mənə tanış futbolçulardır. Xüsusilə, İlqarı uzun müddətdir tanıyıram. Ancaq onların indi komandamıza keçidi gündəmdə deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Nalçikin “Spartak” klubunun baş məşqçisi Yuri Krasnojan deyib.

Uzun müddətdir bu komandanı çalışdıran təcrübəli mütəxəssis milli komandamızın şərəfini qorumuş – müdafiəçi İlqar Əbdürəhmanovla hücumçu Branimir Subaşiçə qış fasiləsində maraq göstərmişdi. İlqar vaxtilə birgə çalışdığı Krasnojanın sərəncamına, Türkiyəyə təlim-məşq toplanışına getsə də, baxışdan uğurla keçə bilmədi: “İlqarla danışıb işləri ilə maraqlanmışam. Fikrimcə, gələcəkdə onunla yalnız dost kimi ünsiyyət quracağıq. Mən qətiyyən belə hesab etmirəm ki, İlqar Premyer Liqa səviyyəsinin tələblərinə cavab verən futbolçu deyil. Sadəcə, onun mövqeyində bizdə artıq futbolçular var və onlar bizi qane edir”.

Subaşiç isə Krasnojana yalnız təklif olunmuşdu və “Spartak”ın çalışdırıcı onu iş başında görə bilməyib: “Subaşiçə həqiqətən də vaxtilə ona maraq göstərmişik. Ancaq mən onu görməmişəm. Branimiri bir dəfə də olsun sınamadıq. Avqustun 1-dək 7-dək seleksiya prosesimiz olacaq. Həmin sınaq dövründə bizə lazım olan mövqelərə futbolçular dəvət etmişik. Onlar tanıdıqlarımızdır, aramızda söhbət olub. Kiyevin “Dinamo” klubunda çıxışı ilə tanınan Dieqo Rinkonu keçidi bağlı deyilənlərin hamısı nağıldır. Biz bu braziliyalı hücumçunu transfer etməmişik. Ola bilsin ki, gələcəkdə Subaşiç, yaxud hansısa başqa futbolçunuzla yollarımız kəsişdi. Çalışacağıq ki, ilk dövrədən fərqli mövsümün ikinci yarısında uğurla çıxış edək. Fürsətdən istifadə edib, Azərbaycan futboluna, azərbaycanlı azarkeşlərə uğurlar arzulayıram”.

Qeyd edək ki, Nalçik təmsilçisi ilk dövrəni turnir cədvəlində axırdan əvvəlki – 15-ci pillədə bitirib.
0