“Qarabağ” “Bakı”dan geri qalmadı: Yenə birdən birə 2 rekord!
31.07.2009 - 12:28
“Qarabağ” “Bakı”dan geri qalmadı: Yenə birdən birə 2 rekord!
“Qarabağ” Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, klublarımız 1994-cü ildən qatıldığı avrokuboklarda indiyədək heç vaxt ardıcıl 3 oyun qapısının toxunulmazlığını qoruyub saxlaya bilməmişdi.

İlk olaraq buna “Qarabağ” nail olub ki, hazırda milli komandamızın da əsas qapıçısı olan Fərhad Vəliyevin “quru seriya”sı artıq 270 dəqiqə davam edir. Cari mövsümdə avrokuboklarda çıxış edən klublarımızdan yalnız Ağdam təmsilçisi qol buraxmayıb ki, bu da 29 yaşlı qapıçısının sayəsində mümkün olub.

İndiyədək “Neftçi” və “Karvan”da “quru seriya” olub. Amma bu 2 oyunda seriya 270-ə çatmayıb. “Neftçi” 2005-ci ildə Çempionlar Liqasında “Şiroko Briyeq” (Bosniya) (1:0) və MOİK-lə (Rusiya) (0:0) Bakıdakı görüşdə qapısının toxunulmaz saxlaya bilmişdi. Ancaq ruslarla Moskvadakı oyunda (0:2) iki top buraxan qapıçımız Hüseyn Məhəmmədovun “quru seriya”sı qırılmışdı.

Bundan 1 il sonra isə “Karvan” UEFA kubokunda “Spartak”la (Slovakiya) ilə hər iki oyunda eyni hesabla (1:0) qalib gəlib. Həmin vaxt “Karvan”ın qapısını qoruyan Elxan Həsənovun “quru seriya”sı Çexiyanın “Slaviya” klubu ilə Bakıdakı oyunda (0:2) qırıldı. 42 yaşlı Həsənov cari mövsümdə futbolçu karyerasını bitirib və onun indi məhz “Qarabağ”da qapıçılarla işləyən məşqçi işləməsi maraqlı məqamdır.

Yeri gəlmişkən, indiyədək klublarımız bir mövsümdə ardıcıl üçüncü oyunda qələbə üzünə həsrət qalmışdı. “Qarabağ” da bu uğursuz sindroma son qoymaqla, birdən birə 2 rekord müəyyənləşdirdi.

Xatırladaq ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Bakı” klubu da birdən-birə iki rekord vurmuşdu. İkinci təsnifat mərhələsində Litvanın “Ekranas” klubu ilə görüş (4:2) evdə ən məhsuldar oyunumuz kimi tarixə düşdü. “Bakı” eyni rəqiblə, yəni “Ekranas”la iki oyuna 6 qol vurmuşdu ki, bu da digər rekord idi. Bu komandalara arasında Litvada keçirilən ilk oyun 2:2 hesabı ilə nəticələnib.
0