Klublarımızın “30 iyul” tilsimi qırıldı
31.07.2009 - 12:48
Klublarımızın “30 iyul” tilsimi qırıldı
Azərbaycan klubları üçün “30 iyul” tilsimi qırıldı. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz indiyədək həmin tarixdə qitə miqyaslı oyunlarda uğursuzluğa düçar olublar. Amma Ağdamın “Qarabağ” klubu bu tilsimi sındırmağı bacardı.

Finlandiyada “Honka” ilə ilk görüşünü iyulun 30-da keçirən ağdamlılar 1:0 hesabı ilə qələbə qazandı. Klublarımızın indiyədək bu tarixdə uduzması azmış kimi, qol da vura bilməmişik. Bunlar 12 il öncə baş tutan oyunlara təsadüf edir.

“Neftçi”nin Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Polşada “Vidzev” klubuna 0:8 hesabı ilə uduzduğu oyun 1997-ci ilin iyulun 30-da keçirilib. Həmin gün “Qarabağ” UEFA kubokunun ilkin təsnifat mərhələsində “Yablonets”ə (Çexiya) Tofiq Bəhramov adına Respublika stadionunda uduzub – 0:3.

Göründüyü kimi, hər iki halda, cavab görüşlərində böyük hesabla məğlub olmuşuq və bunların birinin iştirakçısı olan “Qarabağ”ın elə özü uzun müddətdən sonra tilsimi qıra bildi. Ağdam təmsilçisi bu səfər qələbəsi ilə daha bir mərhələ keçmək vəzifəsini demək olar yerinə yetirib.
0