Rəşad Sadıqov: “Qarabağ” rəhbərliyi mənə rəsmi təklif irəli sürüb
31.07.2009 - 12:57
Rəşad Sadıqov: “Qarabağ” rəhbərliyi mənə rəsmi təklif irəli sürüb
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov daha bir təklif alıb. Apasport.az saytının məlumatına görə, “Kocaelispor”dan (Türkiyə) ayrıldıqdan sonra özünə yeni komanda axtaran 27 yaşlı müdafiəçi karyerasını yenidən ölkəmizdə davam etdirə bilər. Avropa Liqasının oyunlarında kömək etmək üçün Rəşadın qısa müddətə sıralarına qatıldığı “Qarabağ” Sadıqovla anlaşmanı uzatmaq fikrinə düşüb. Ağdamlılar komandanın Avropa Liqasındakı uğurlu çıxışında rolu olan futbolçunu əldən buraxmaq istəmədiyini Rəşadın özünə də deyib: “Qarabağ” rəhbərliyi mənə rəsmi təklif irəli sürdü”.

Bir neçə Türkiyə klubunun diqqət mərkəzində olan futbolçu “Qarabağ”ın bu təklifini hələ qəbul etmədiyini bildirib: “Dedim ki, mən Avropa Liqasında kömək etməyə gəlmişəm. Müqavilə bağlamaq üçün hələ fikirləşməliyəm”.

Qeyd edək ki, Rəşadı ötən ay Qızılcahamam toplanışında heyətinə cəlb edən “Qarabağ” həmin vaxtdan müdafiəçini sıralarında daha uzun müddət saxlamaq istəyirdi. Ancaq Sadıqov ilk növbədə Türkiyə variantlarını götür-qoy edirdi. “Kocaelispor” rəsmisi ilə Bakıda baş tutan danışıqlarda müəyyən fikir ayrılığı yaranmışdı ki, bu da sonradan müqaviləyə əlavə edilən bəndlə bağlı idi. Bunun Rəşadı qane etməməsi “Qarabağ”ın şanslarını artırıb.
0