Azərbaycan futbolunun hədəfi: Gürcüstan!
31.07.2009 - 13:04
Azərbaycan futbolunun hədəfi: Gürcüstan!
UEFA-nın növbəti klub reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan siyahının 39-cu pilləsindəki mövqeyini möhkəmlədib. Həftə ərzində “Bakı”nın “Levski” (Bolqarıstan) ilə heç-heçə oynaması, “Qarabağ”ın isə “Honka”nı (Finlandiya) məğlub etməsi ölkəmizin reytinqinə daha 0,375 xal gətirib. Bu da qitənin 53 ölkəsi arasında 39-cu olan Azərbaycanın bu mövqedə qalmasına kifayət edib.

Komandaların son 5 mövsümdəki nəticələrə əsasən hesablanan bu reytinq 2011/12 mövsümündə klubların sayının müəyyənləşməsinə xidmət edir. Hazırda 39-cu olan ölkəmizin ən yaxın qonşularını keçə də bilər. Cəmi bir qələbə Makedoniyanı, qələbə və heç-heçə isə İslandiyanı qabaqlamağa yetərlidir. Gürcüstanın qərarlaşdığı 36-cı pilləyə qalxmaq çətin görünsə də, bu əlavə üstünlük verir.

Belə ki, ən azı 36-cı yerin sahibi Avropa Liqasının birinci təsnifat mərhələsində 2 deyil, 1 komanda ilə təmsil olunur. 2 təmsilçi isə ikinci mərhələdən yarışa qoşulur. Cari mövsüm olduğu kimi, gələn yay da 2 komandamız birinci və yalnız kubokun qalibi Avropa Liqasının ikinci mərhələsindən mübarizəyə başlayacaq.

Cədvəldə Azərbaycandan yuxarı və aşağıdakı 4 pillədə qərarlaşan ölkələrin siyahısı:

...35. Moldova 6,165
36. Gürcüstan 5,748
37. İslandiya 5,415
38. Makedoniya 5,332
39. Azərbaycan 5,123
40. Macarıstan 4,875
41. Lixtenşteyn 4,500
42. Qazaxıstan 4,499
43. Estoniya 4,249...

Qeyd edək ki, bu 9 ölkədən Azərbaycan və Macarıstanın 2, digərlərinin 1 komandası cari mövsümdə çıxışlarını davam etdirir.
0