“Mənə milli komandadan xəbərdarlıq zəngi olmayıb”
31.07.2009 - 13:12
“Mənə milli komandadan xəbərdarlıq zəngi olmayıb”
“Mənə milli komandadan xəbərdarlıq zəngi olmayıb. Deməli, məni yığmaya çağırmağa hazırlaşmırlarmış”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Moskva” klubunda oynayan soydaşımız Aleksandr Səmədov deyib.

Atası azərbaycanlı olan 26 yaşlı futbolçu Rusiyanın əsas yığmasına düşməyi çox arzulasa da, buna nail olmur: “Milli komandaya çağırılmıramsa, bu, faciə deyil. İndi mənim üçün əsas çempionatda “Moskva”nın heyətində uğurla çıxış etməkdir. Öz namizədliyimi zorla yeritmək istəmirəm. Yalnız gənclər yığmasına çağırılmışam və buna görə də elə də narahatçılıq keçirməmişəm. Yəqin ki, oyunlarımız zamanı tribunadan baş məşqçi Qus Hiddinkin baxışını hiss etməmişəm. Paltardəyişmə otağında adətən məşqçinin gəlişi haqda məlumat verirlər. Ancaq buna görə nə mən gurultulu reaksiya vermişəm, nə də komanda yoldaşlarımda bunu görmüşəm. Meydana çıxanda hər şeyi unudursan”.

Rusiyalı həmkarımız Səmədovdan vaxtilə Azərbaycan yığmasından gələn təklifi qəbul etmədiyinə görə təəssüflənib-təəssüflənmədiyini soruşub: “Bu elə çoxdan olub ki... Milli komandanın baş məşqçinin yerinə cavab vermək çətindir”.

Qeyd edək ki, 2003-cü ilin avqustunda milli komandamızın düşərgəsinə gələn Aleksandr “Şəfa” stadionunda keçirilən ikitərəfli oyunda iştirak edərək, geri qayıtmışdı. Futbolçu bundan sonra doğulub-boya başa çatdığı Rusiyanın yığmasını seçdiyini bildirmiş, gənclər yığmasında çıxışını yaşına görə başa vurduqdan sonra milli komandaya cəlb edilməyib.
0