Ronaldo qeyri-adi cərrahiyyə əməliyyatına məruz qaldı
31.07.2009 - 13:56
Ronaldo qeyri-adi cərrahiyyə əməliyyatına məruz qaldı
Məşhur braziliyalı hücumçu Ronaldonun üzərində qeyri-adi cərrahiyyə əməliyyatı aparılıb. Apasport.az saytının məlumatına görə, bu həftə 2 dəfə cərrah bıçağına məruz qalan 33 yaşlı futbolçunun həm Braziliya çempionatında əlindən aldığı zədə yoluna qoyulub, həm də piyi çıxarılıb. Ronaldonun qarnından və budundan 700 milli litr artıq piy xaric edilib. O, bu haqda məlumatın yayılmamağını istəsə də, hər şey onun düşündüyü kimi olmayıb. “Yekədiş” həmin əməliyyatı bu ilin dekabrında etməyi planlaşdırırmış. Ancaq “Korintians” klubunun heyətində çıxış edən Ronaldo “Palmeyras”a böyük hesabla uduzduqları (0:3) görüşdə əlində aldığı zədədən sonra piyini çıxartmasını da tezləşdirib.

2 dəfə dünya çempionluğunu qazanan futbolçu son illərdə artıq çəki ilə bağlı problemlə üzləşirdi. Ronaldo 2008-ci ilin aprelində Böyük Britaniyanın məşhur “The Sun” qəzeti tərəfindən dünya futbolu tarixində ən kök oyunçu sayılıb. Həkimlər Ronaldonun orqanizmində 1,6 milli litr piy çıxartmağı planlaşdırsalar da, yalnız 700 milli litr mümkün olub. Bundan sonra hücumçunun sürətinin daha da artacağı gözlənilir. Ronaldo yaşıl meydana sentyabrda qayıdacaq.
0