Bobbi Robson vəfat etdi
31.07.2009 - 15:20
Bobbi Robson vəfat etdi
Dünya futbolunun əfsanələrindən olan Bobbi Robson vəfat edib. Apasport.az saytının məlumatına görə, İngiltərə milli komandasına həm futbolçu, həm də baş məşqçi kimi xidmət etmiş Robson 76 yaşında dünyasını dəyişib.

Son vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkən Robson 20 oyun keçirib 4 qol vurduğu yığmaya 1982-1990-cı illərdə rəhbərlik edib. Futbolçu kimi “Fulhem” və “Vest Bromviç”də forma geyinən ingilis 1968-ci ildə başladığı məşqçi karyerasının birinci klubunda başlayıb. 1969-cu ildə “İpsviç”ə keçən gənc məşqçi ardıcıl 13 il sükanı arxasında olduğu komandaya İngiltərə və UEFA kuboklarını qazandırıb.

Sonrakı 8 ildə milli komandaya rəhbərlik edən Robson dünya və Avropa çempionatlarında fərqli nəticələr qazanıb. DÇ-86-nın 1/4 finalında Dieqo Maradonanın “Tanrı əli”nin qurbanı olan ingilis 4 il sonra üçüncü yer uğrunda matçda İtaliyaya uduzub. Qitə birinciliklərində isə onun yetirmələri uğura həsrət qalıb.

İngiltərə yığmasından sonra klublarda çalışan Robson ümumilikdə 41 il sürən məşqçilik karyerasının sonunadək PSV (Hollandiya), “Sportinq”, “Porto” (Portuqaliya), “Barselona” (İspaniya) və “Nyukasl”da (İngiltərə) da işləyib. Hollandiya və Portuqaliyada çempion, İspaniya və Portuqaliyada ölkə kuboku qazanan Robson 12 il əvvəl “Barselona”ya Kuboklar kubokunu qazandırıb. Onun son iş yeri isə İrlandiya yığmasıdır. Robson 2006-07-ci illərdə bu komandada məsləhətçi işləyib.
0