"Qəbələ" 10 futbolçu sınayır
01.08.2009 - 23:32
"Qəbələ" 10 futbolçu sınayır
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, gündə iki dəfə məşq edən komanda həm taktiki-texniki səviyyənin qaldırılmasına, həm də yeni oyunçuların seçilməsinə diqqət ayırır.

Ötən mövsümkü heyətdən "Qəbələ"də cəmi 11 futbolçu qalıb. Məhz buna görə də, heyətin gücləndirilməsi vacib şərtdir. Hazırda düşərgədə Serbiyadan 5, Ukraynadan 2, Rumıniya, Braziliya və Tunisdən hərəyə 1 futbolçu baxışdadır. Onlar haqqında qərar yaxın günlərdə qəbul olunacaq.
Kollektivə daha bir futbolçu qoşulub ki, o, baxışda deyil. Söhbət "Qəbələ" azarkeşlərinin yaxşı tanıdıqları Elnar Kərimovdan gedir. 2007-ci ildən əyalət komandasının şərəfini qoruyan 24 yaşlı qapıçı artıq İzmitdədir və məşqlərdə iştirak edir.

Qeyd edək ki, bir neçə gün öncə Elnar "Qəbələ"dən ayrılaraq "Turan"a keçməyi qərara almışdı. Lakin tərəflər arasında danışıqlar müsbət nəticə verməyincə gənc qolkiper yenidən sabiq komandasına qayıtmaq istədiyini bildirib və klub rəhbərliyi onun müraciətinə müsbət cavab verib.
0