Elxan Məmmədov “Qarabağ”la bağlı azarkeşlərə müraciət etdi
03.08.2009 - 12:10
Elxan Məmmədov “Qarabağ”la bağlı azarkeşlərə müraciət etdi
AFFA-nın baş katibi Elxan Məmmədov azarkeşlərə müraciət edib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, “Bakı” və “Qarabağ”ı avrokuboklardakı uğurlar münasibətilə təbrik edən Məmmədov eyni zamanda iradlarını da bildirib.

“Bakı” və “Qarabağ”ın avrokuboklarda keçirdiyi son ev oyunlarında 28 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna təxminən 35 mindən artıq azarkeş gəlib. Təbii ki, bu fakt bizi sevindirir. Çünki futbolun inkişafı ilə əlaqədar ölkəmizdə bu idman növünə maraq artır. Amma təəssüf ki, klublarımızın qeyd olunan oyunlarda təhlükəsizlik və təşkilatçılıqla bağlı nöqsanları olub” - deyə baş katib vurğulayıb.

Onun sözlərinə görə, avrokubok oyunları haqda müsbət hesabat verilməyib: “Bütün beynəlxalq oyunlarda FİFA və ya UEFA-nın nümayəndəsi iştirak edir və matçdan sonra hesabat hazırlayır. Təəssüf ki, “Bakı” və “Qarabağ”ın avrokuboklardakı son ev oyunları barədə hazırlanan hesabat heç də müsbət olmayıb. Bununla əlaqədar klublara xəbərdarlıq məktubu göndərilib, həmçinin UEFA tərəfindən tövsiyə və tələb olunub ki, klublarımızın qarşıdakı avrokubok oyunlarının təşkilatçılığını AFFA öz üzərinə götürsün və nəzarətdə saxlasın. Təbii ki, AFFA klublarla birgə bu oyunları yüksək səviyyədə təşkil etməyə çalışacaq”.

Bilet məsələsinə də toxunan Məmmədov bildirib ki, artıq Respublika stadionunun kassalarında satış başlanıb: “Biletlərin qiyməti 1 manatdan 3 manata qədərdir. Xahiş edirəm ki, “Qarabağ”ı dəstəkləmək üçün bilet əldə edin və oyunun başlanmasına 2 saat qalmış stadiona gəlin. Unutmayaq ki, bu oyunlarda hər birimiz Azərbaycanı təmsil edirik. İstəmirik ki, klublarımızın beynəlxalq oyunlarda qazandığı uğurun üzərinə UEFA İntizam Komitəsinin hər hansı sanksiyası ilə kölgə salınsın. Ümid edirəm ki, avqustun 6-da “Qarabağ”ı dəstəkləmək üçün stadionda görüşəcəyik!”
0