Bolqar futbolçu: Növbəti mərhələyə “Levski”nin yox, “Bakı”nın çıxmasını istəyirəm - MÜSAHİBƏ
03.08.2009 - 13:07
Bolqar futbolçu: Növbəti mərhələyə “Levski”nin yox, “Bakı”nın çıxmasını istəyirəm - MÜSAHİBƏ
Sofiya MOİK-nin bolqarıstanlı yarımmüdafiəçisi Svetoslav Stefanovun apasport.az saytına müsahibəsi

- Mövsüm bitdikdən sonra “Neftçi”dən gedişinizə səbəb nə oldu?
- Bu, məndən asılı olmadı. Çünki getmək haqda qərarı mən vermədim. “Neftçi”də qalmaq istəsəm də, klub məni saxlamağı lazım bilmədi. Belə hesab etdilər ki, daha komandaya kömək etmək səviyyəsində deyiləm.

- Bəs Bolqarıstana qayıtmaq istəyiniz ailə məsələləri ilə bağlı deyildi?
- Bu haqda söhbət olmayıb. Çempionatın son turunda “Olimpik”lə görüşdən sonra mənə daha lazım olmadığımı, özümə yeni klub tapmağımı dedilər. Həmin vaxt da MOİK variantı yarandı və bu klubla müqavilə bağladım. Ancaq fikrimcə, “Neftçi” ilə müqaviləni uzatmaqla bağlı danışıqlar olsaydı, razılaşardıq. Hesab etmirəm ki, bununla bağlı problem olardı.

- Azərbaycanda digər variantlar yox idi, yoxsa ölkəmizdə yalnız “Neftçi”də oynamaq istəyirdiniz?
- Belə deməzdim. Sadəcə, həmin vaxt Azərbaycanda klublar istirahətdə idi, mövsümə hazırlıq başlamamışdı. Bizdə isə yeni mövsümə hazırlıq tez başladığı üçün burada ortaya yeni variant çıxdı. Mən də risk etmək istəmədiyimdən, MOİK-in təklifini qəbul etdim. Yəni ola bilərdi ki, Azərbaycanda çıxışımı davam etdirmək variantı alınmazdı.

- Üstəlik MOİK sizə yaxşı tanışdır və “Neftçi”yə də üç il yarım öncə məhz bu komandadan keçmişdiniz...
- Tamamilə doğrudur. Vaxtilə də bu komandada oynadığımdan onu yaxşı tanıyıram. Qəbul etdiyim qərara bunun da təsiri oldu. “Neftçi”dən getdikdən sonra MOİK-ə qayıtmağı üstün tutdum.

- Avroliqanın üçüncü təsnifat mərhələsində ilk oyunda evdə İrlandiyanın “Derri Siti” klubunu 1:0 hesabı ilə məğlub etdiniz. Növbəti mərhələyə çıxmaq şanslarını necə qiymətləndirərdiniz?
- “Derri Siti” bizim səviyyədə olan komanda deyil. MOİK ondan xeyli güclüdür. İrlandlar 90 dəqiqə ərzində 11 nəfərin hamısı ilə müdafiə olundu. Həmişə müdafiə olunan komandaya qol vurmaq isə çətindir. Buna görə də cəmi bir dəfə rəqib qapısına yol tapa bildik. Halbuki 90 dəqiqə meydanda olduğum oyunda çoxlu real qol imkanlarımız var idi. Təəssüf ki, bundan lazımınca istifadə edə bilmədik. Şəxsən mənim üçün oyunun real nəticəsi 3:0, yaxud 4:0 idi. Mənə elə gəlir ki, növbəti mərhələyə bizim komanda çıxacaq.

- Ümumiyyətlə, komandanızın qarşısına hansı vəzifə qoyulub?
- Qarşımızda həmişə bir vəzifə durur: ölkə çempionluğu və kuboku uğrunda mübarizə aparmaq. Çempion ola bilməsək, yaxud kuboku əldə etməsək, bu, uğursuzluq sayılır.

- Avroliqada qrup mərhələsinə düşmək də əsas vəzifədir?
- Bəli. Bu, minimum vəzifədir.

- Yeri gəlmişkən, Avroliqada yeganə təmsilçimiz “Qarabağ” da uğurlu çıxış edir...
- Mən hər gün bu haqda oxuyuram, “Qarabağ”ın necə çıxış etməsi ilə maraqlanıram. Komandanızın belə uğurlu oyunu mənim üçün çox xoşdur. Çünki ilk növbədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova görə sevinirəm. Onun rəhbərliyi altında “Neftçi”də oynamışam. Bundan əlavə, “Qarabağ”da çox yaxşı, mənə tanış olan, bir yerdə oynadığım futbolçular cəmləşib. Fikrimcə, Qurbanov yaxşı komanda yaradıb. Ümid edirəm ki, “Qarabağ” Avroliqada qrup mərhələsinə düşə biləcək. Çünki mənim üçün bu, yaxşı komandadır və şansları da var. Allah eləsin ki, növbəti püşk “Qarabağ” üçün uğurlu olsun, münasib rəqib düşsün.

- Yeri gəlmişkən, “Qarabağ”a siz də rəqib ola bilərsiniz. Yaxşı tanıdığın bu komanda ilə avrokuboklarda görüşmək istərdinizmi?
- Yox, istəmirəm.

- Niyə? Həm MOİK, həm də “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə çıxmasını istəyirsiniz?
- Bəli. İstərdim ki, hər ikimiz qrup mərhələsinə çıxaq. Birimiz buna nail olmasaq, bu, mənim üçün üzücü olacaq.

- Avrokuboklarda digər təmsilçimiz olan “Bakı” da uğurla çıxış edir. Özü də bu komanda Çempionlar Liqasında həmşəhərliləriniz Sofiya MOİK-i ilə görüşür. Cavab matçı öncəsi Bolqarıstanda ajiotaj varmı? Ümumiyyətlə, orada bu cütün taleyi haqda nə düşünürlər?
- Bolqarıstanda belə fikirləşirlər ki, “Levski” növbəti mərhələyə çıxacaq. Bu, normaldır. Üstəlik, səfərdə keçirilən ilk oyundan sonra hesab 0:0-dır. Bu nəticə də evdəki cavab görüşündən qabaq “Levski” üçün uğurludur. Ancaq mən hesab edirəm ki, “Bakı”nın növbəti mərhələyə çıxmağa çox yaxşı şansı var. Çünki “Levski” təkrar görüşdə mütləq qol vurmalıdır və buna görə də böyük qüvvə ilə irəli atılacaq. Onlar çoxsaylı hücumlar zamanı açılacaqlar və “Bakı” təhlükəli əks-hücumlar etmək üçün yaxşı imkanlar əldə edəcək. Həm də onu nəzərə almaq lazımdır ki, burada “Levski” ilə MOİK arasında müharibə gedir. Mən istərdim ki, növbəti mərhələyə “Bakı” çıxsın.

- “Levski” barışmaz rəqibiniz olsa da, hər halda, Bolqarıstan komandasıdır və siz də Sofiyanı təmsil edirsiniz. Belə çıxır ki, həmyerlilərinizin qalib gəlməsini istəmirsiniz?
- Dediklərinizdə həqiqət var. Ancaq bununla belə, mən “Bakı”nın növbəti mərhələyə çıxmasını istəyirəm.

- Şansları necə dəyərləndirərdiniz?
- Hələ ki şanslar 50-50-yədir.

- Əgər “Bakı” “Levski”ni keçsə, bu, Bolqarıstanda böyük sürpriz sayılacaq?
- Mən belə fikirləşmirəm. Bəlkə də ona görə böyük sürpriz sayıla bilər ki, cavab görüşü burada keçirilir. Ancaq digər tərəfdən, “Levski”nin postsovet məkanı təmsilçisini üstələyə bilmədiyi hal olub. Bu uğursuzluq elə ötən il Belarusun BATE klubu ilə görüşdə reallaşıb.

- Həm “Levski”, həm də “Bakı”nı yaxşı tanıyırsınız. Hər ikisinə qarşı oynayıb, iş başında görmüsünüz. Maraqlıdır, hansı komandanı güclü sayırsınız?
- İndiki vəziyyətdə bu komandalardan hansının güclü olduğunu deyə bilmərəm. Mən “Bakı” ilə “Levski” arasında ilk oyunu görmüşəm. Hesab edirəm ki, bərabər oyun getdi. Düzdür, “Bakı”nın qol vurmaq üçün daha çox şansı oldu. Mənim üçün ikinci hissənin əvvəlindəki epizod təmiz penalti idi. Ancaq baş hakim “Levski”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin etmədi.

- Təkcə sizin yox, bütün hamı belə düşünür ki, Feliks Felipe Almeydanın başına təpiklə vurulan epizodda yüz faiz penalti zərbəsi var idi. Ancaq norveçli baş hakim anormal qərar qəbul etdi, braziliyalı hücumçumuz isə bu ağır zərbədən yalnız xəstəxanada özünə gəldi...
- Qərar normaldır, yaxud anormaldır, artıq bunu heç kim dəyişə bilməz. Hakim nə qərar qəbul edirsə, elə də olmalıdır. O, həmişə haqlı sayılır. Həmin epizodda hakim penalti təyin etməməyə qərar verdi və bu oyun artıq bitdi. Artıq növbəti görüş haqda düşünmək lazımdır. Ola bilsin ki, bir komanda güclü, digəri isə bəxtlidir. Bəxti olan da güclüyə qol vura bilər və hər şey də həll olunar.

- MOİK ilə “Levski” arasında düşmənçiliyi nəzərə alsaq, tərəfdarlarınızın cavab görüşündə “Bakı”ya azarkeşlik edəcəyini gözləmək olarmı?
- Bəli. Fanatlarımız arasında “Bakı”ya azarkeşlik edənlər ola bilər. Mən stadiona getmək istəmirəm. Çünki məni orada görsələr, bu, xoşagəlməz hal olacaq. Buna görə də oyunu televizordan izləyərəm.

- Siz Bolqarıstana qayıtdıqdan sonra Azərbaycan futbolu haqda hansı söhbətlərin getdiyinin şahidi olmusunuz?
- Bolqarlar Azərbaycan futbolunun inkişaf etdiyini, bunun üçün nə qədər sərmayə qoyulduğunu görürlər. “Azərbaycan futbolu elə də səviyyəli deyil” kimi fikirlər artıq keçmişdə qalıb. Ötən il “Neftçi”nin heyətində İntertoto kubokunda uğurlu çıxışımızdan, “Bakı” ilə “Qarabağ”ın hazırda avrokuboklarda nailiyyətlərindən sonra fikirlər tamamilə dəyişib. Göründüyü kimi, Azərbaycan futbolunda inkişaf var və klublarınız artıq səviyyələrini yüksəldirlər.

- Gələcəkdə yenidən Azərbaycan oynamaq istərdinizmi? Yoxsa yaşınız artıq 30-u keçdiyindən, bunu artıq real saymırsınız?
- Niyə ki? Özümü çox yaxşı hiss edirəm və hesab etmirəm ki, yaş mənə əngəl ola bilər. Çünki mənim üçün həmişə iki kateqoriya futbolçu olub – oynaya bilən və bilməyən. Futbolçuları cavan və qocalara bölmürəm. Futbol tarixində 32, 33 yaşlı oyunçuların çox yaxşı çıxış etməsi ilə bağlı xeyli nümunələr var. Təbii ki, əgər onlar peşəkarlardırsa.

- “Neftçi”də bir yerdə oynadığınız Branimir Subaşiç hazırda Çində, keçmiş komandanız “Çanqçun Yatay”da oynayır. Onunla son vaxtlar ünsiyyət qurmusunuzmu?
- Açığı, əvvəl Subaşiçlə danışırdım. Ancaq bu, çoxdan olub. Branimirin klubunun indiki vəziyyəti haqda xəbərim yoxdur.

- Ona Çində yaşamaq, ora uyğunlaşmaq çətin olduğu üçün klubunu tərk etmək istəyirdi....
- Bu problem təkcə Çində olmur. Əgər sən bir ölkədə əcnəbisənsə, belə çətinliklərlə üzləşirsən. Bəziləri sənə qarşı yaxşı münasibət göstərir, bəziləri də çox pis. Buna görə də kimin qərib ölkədə necə oynayacağını dəqiq deyə bilmərəm.
0