“Hələ kimsə dəqiq nə baş verdiyini anlaya bilmir”
03.08.2009 - 15:45
“Hələ kimsə dəqiq nə baş verdiyini anlaya bilmir”
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun apasport.az saytına müsahibəsi

- Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Levski”yə qarşı ilk oyun barədə fikirlərinizi bilmək istərdik.
- Oyunu iki hissəyə bölərdim. Birinci 15 dəqiqədə qonaqların üstünlüyü hiss olunurdu. Bizimkilər kəşfiyyat apardığı üçün top əsasən rəqibdə olurdu. Hissənin sonlarına yaxın komandamız öz oyununu tapmağa başladı. İkinci hissədə isə üstünlük tamamilə bizim tərəfdə idi. Mən çoxdandır "Bakı"dan belə oyun görmürdüm. Əsl Avropa sayağı futbol nümayiş etdirdik. Qısa ötürmələr, diaqonal ötürmələr, sürət – bunların hamısını "Bakı"nın simasında izlədik. Neçə-neçə qol vəziyyəti yaratdıq. Feliksə qarşı kobudluğa görə "Levski"nin qapısına penalti təyin olunsaydı, hesab tam fərqli olacaqdı. Bilirsiniz, "Bakı" Avropada yenidir, "Levski" isə uzun illərdir Avropanı sağdan-sola, soldan-sağa gəzib. Biz elə bilirik ki, "Levski" 1914-cü ildə yaranıb. Prezidentləri mənə dedi ki, klubumuz 1911-ci ildə yaranıb. Ona görə də yaxınlarda ölkə rəhbərliyinə müraciət ediblər ki, 2011-ci ildə "Levski"nin yaradılmasının 100 illiyi dövlət səviyyəsində qeyd olunsun. Avropada belə klublara həmişə hörmət edilir. Qolsuz heç-heçə də pis deyil. Hələ heç nə itirilməyib.

- Norveçli hakimlər briqadasının idarəçiliyi heç də birmənalı qarşılanmadı. Sizin mövqeyinizi bilmək istərdik: Moe və köməkçiləri "Bakı"nın haqqını yedimi?
- Çox həssas bir mövzuya toxundunuz. Son günlər mətbuatda bu məsələyə xüsusi yer verilir, müxtəlif şərhlər, qiymətləndirmələr dərc olunur. KİV norveçli hakimin bizə qarşı qərəzli mövqe tutmasını israr edir. Bolqarıstan qəzetlərinin birində belə bir ifadəyə rast gəldim. Jurnalist yazırlar ki, Feliksə qarşı cərimə meydançasında edilən kobudluğun penalti olması hətta Xəzərdəki balıqçı gəmilərindən də aydın görünürdü. "Levski"nin bəzi futbolçuları da bu epizodda qapılarına penaltinin təyin edilməli olduğunu deyib. Düz sözə zaval yoxdur. "Levski"nin o hərəkəti edən müdafiəçisinin artıq bir sarı vərəqəsi vardı. Feliksə vurduğu zərbəyə görə ona birbaşa qırmızı vərəqə düşürdü. Təəssüf ki, hakim bu halda oyunu davam etdirdi. İnanmıram ki, hakimlər bilərəkdən "Bakı"ya elə münasibət bəsləsin. Hakimdir, o da səhv edə bilər. Heç kim bundan sığortalanmayıb. Hər halda hakimlərin təyinatını UEFA müəyyənləşdirir, biz də bu qurumun bütün qərarlarına hörmətlə yanaşmalıyıq. Moeni öz vicdan ilə baş-başa buraxıram.

- Cavab görüşü öncəsi şansların artdığını, yoxsa azaldığını düşünürsünüz?
- Əvvəlki fikrimdə qalıram. Şanslar 50-nin 50-yədir. “Levski”nin prezidenti Todor Batkov da burdan ayrılanda eyni sözü dedi.

- Onunla Sofiyada, yəqin ki, görüşünüz olacaq?
- Bəli. Batkov Bolqarıstanda çox tanınmış, nüfuzlu iş adamlarından biridir. O, hələ Bakıda olarkən, biznes fəaliyyəti ilə bağlı bəzi söhbətlər etmişik. Mən iki həftə əvvəl "Ekranas"ın prezidenti Auşris Labinasa dediyimi ona da söyləmişəm. Komandalar meydanda mübarizə aparsa da, udub-uduzsa da, bizim sonrakı münasibətlərimiz, dostluğumuz davam etməlidir. Son proseslərin Todor Batkovla münasibətlərimizə heç bir dəxli yoxdur. Həmkarım 3 il əvvəl də ölkəmizdə olub. Gördüklərinə sözün yaxşı mənasında çox təəccüblənmişdi. Dedi ki, paytaxtınız çox dəyişib, iqtisadiyyatınız güclənib. Biz ona dövlət başçısı İlham Əliyevin gördüyü işlər barəsində məlumat verdik. Bildirdim ki, hər il ölkəmizdə müxtəlif səviyyəli beynəlxalq turnirlər keçirilir, yeni Olimpiya Kompleksləri tikilir, idmana diqqət ildən-ilə artır. Qonaqlar Azərbaycanın yay olimpiya oyunlarında onların ölkəsindən daha yaxşı çıxış etdiyini də söylədilər.

- Cavab matçı öncəsi qarşı tərəf müxtəlif iddialarla çıxış edib. Xüsusilə hava limanında haqsızlıqla üzləşdiklərini qabardırlar. Bolqarıstan KİV-i "Levski"yə istinadən "Bakı"nın ünvanına bəzi iradlar səsləndirir.
- Əslində, klublar arasında heç bir problem yoxdur. "Levski"nin hava limanına gecikməsi və təyyarənin vaxtında havaya qalxmaması bizi kədərləndirdi, çünki onlar bizim qonağımız idilər. Ancaq gecə yola çıxmaq onların qərarı idi və bizimlə razılaşdırılmamışdı. Bolqarıstan çempionunun heyəti Bakıya 27 iyul saat 14.30 radələrində gəlib. Bu andan etibarən onlar bizim himayəmizdə olublar. Şəhərimizin ən gözəl otellərindən birində yerləşiblər, nəqliyyatla təmin olunublar, istədikləri vaxt onlara məşq üçün şərait yaradılıb. Həm klubun prezidenti cənab Todor Batkov, həm də rəhbərlikdə yer alan digər şəxslər dəfələrlə isti qəbula bizə təşəkkürlərini bildiriblər. Hava limanındakı insidentə gəlincə, hələ kimsə dəqiq nə baş verdiyini anlaya bilmir. Müxtəlif nəşrlərdə çeşidli fərziyyələr səsləndi. Ancaq fakt budur ki, "Levski"nin nümayəndə heyəti hava limanına gecikib. Bizim ölkənin öz qanunları var, bundan kənara çıxa bilmərik. Biz ilk gündən Heydər Əliyev Beynəlxalq Hava Limanının saat 00:00-dan 07:00-dək bağlı olduğunu onların nəzərinə çatdırmışdıq, sonra da dəfələrlə gecə saatlarında uçuşların mümkünsüz olduğunu təkrar etmişik. Bolqarıstan klubunun rəhbərliyi uçuşla əlaqədar bütün məsələləri özlərinin həll edəcəyini bildirirdilər. Uçuşun vaxtında baş tutmaması təyyarənin məxsus olduğu "Bulgarian Air" və ona xidmət göstərən yerli qurumların məsələsidir. Bunun futbola nə dəxli var? Biz bunu başa düşmürük. Əgər "Levski" bizə maddi cəhətdən problemlə üzləşdiyini desəydi, onlara istənilən köməyi etməyə hazır idik. AFFA prezidenti Rövnəq Abdullayev və digər şəxslər sağ olsunlar ki, məsələyə qarışdı və bolqarların Sofiyaya qayıtmasına şərait yaradıldı. Biz bacardığımızdan da artığını etdik.

- Bu amillər cavab matçının gedişatına təsir göstərə bilərmi?
- Həlledici oyundan əvvəl rəqiblərimizin bizə psixoloji təzyiq göstərmək cəhdlərini də başa düşürük: görürlər ki, daş qayaya rast gəlib. Onlar da bizim kimi mərhələ keçmək istəyirlər. Kim güclüdürsə, o da qalib gəlsin. Arzumuz budur ki, ilk oyunda Feliksin ağır zədələnməsi və norveçli referi Moenin buna göz yumması kimi ədalətsiz hallar təkrarlanmayacaq, qarşılaşma hakimin nəzarətində olacaq. Biz "Bakı" olaraq, idman prinsiplərinin aliliyinə və UEFA-nın qərəzsizliyinə arxalanırıq. "Bakı" ölkəmizi Avropada layiqli təmsil etmək missiyasını öz üzərinə götürüb, bu yolda bizi heç bir çətinlik qorxutmur. Sofiyada meydana çıxıb öz oyunumuzu oynayacağıq. İnanıram ki, mərhələni keçən tərəf "Bakı" olacaq. "Levski"dən qətiyyən çəkinmirik. Son olaylar əksinə, komandamızı cavab oyununa daha da yaxşı kökləndirib. Bütün futbolçular səbirsizliklə oyun gününü gözləyir. Baş məşqçi ilə bu haqda danışmışam. Qyoko Hacıyevski narahat deyil. Mən əminəm ki, Sofiyada layiqli mübarizə aparan "Bakı" görəcəyik. Rəqibdən qorxmayan, çəkinməyən komanda görəcəyik. Sürpriz etməyə qadirik!

- Sofiyada komandamızı yalnız yerli MOİK-in fanatları dəstəkləyəcək?
- Bolqarıstanda xeyli həmyerlimiz, həmçinin 2 milyon nəfərdən artıq türk yaşayır. Son günlər Türkiyə telekanalları ilə əlaqəli çalışırıq. "Kanal D", "SHOW" TV və digər kanallarda Bolqarıstanda keçirəcəyimiz matçla bağlı elanlar vermişik. "Axşam" qəzeti də Bolqarıstanda yaşayan türkləri "Bakı"nı dəstəkləməyə çağırıb. Hesab edirəm ki, stadiona xeyli tərəfdarımız gələcək. Bakıdan olan 100-ə yaxın şəxs də komandanı dəstəkləyəcək.

- Fəxri prezident Anar Məmmədov son açıqlamalarından birində bildirib ki, "Bakı" ikinci mərhələdə "Ekranas"ı keçməklə, üzərinə götürdüyü bir vəzifəni yerinə yetirib.
- Mən də o fikirdəyəm. Çempionlar Liqası başlamamışdan öncə komandanın məqsədlərini aydınlaşdırmışdıq. Minimum və maksimum normanı müəyyənləşdirmişdik. Litva çempionunu udmaq bizim minimum hədəfimiz idi. İnşallah, "Levski"ni də keçsək, maksimum hədəfə yaxınlaşacağıq. Növbəti mərhələyə yüksəlsək, bizim üçün ayrı bir yol da açılır. Allah eləməmiş, uduzsaq belə, Çempionlar Liqasından Avropaliqanın qrup mərhələsinə düşəcəyik. Hələ heç bir Azərbaycan klubu buna nail olmayıb. "Bakı"nın tarixə düşmək şansı öz əlindədir.

- "Levski"dən sonra hansı rəqiblə düşmək istərdiniz?
- Gəlin, zamanı qabaqlamayaq. Püşkatma avqustun 7-də keçiriləcək. Təbii ki, növbəti mərhələdə mübarizə aparacaq klublar daha güclü və səviyyəlidir. Bütün nəhənglər Çempionlar Liqasının qrup mərhələsinə iddia edir. Qismətdən qaça bilmərik. Hansı komanda ilə düşməyimizdən asılı olmayaraq, sonadək mübarizə aparmalıyıq.

- Anar Məmmədov klubun supertransfer etməyə hazırlaşdığını da bildirib.
- Hesab edirəm ki, "Levski" səddini keçəndən sonra yeni transferlər olmalıdır. Batista gedir, bəzi futbolçular da zədələnib. Hər şey ola bilər. Hacıyevski ilə bu haqda danışmışam. Alacağımız oyunçuların mövqeyi hələ ki qoy, sirr qalsın. İki transfer barəsində söhbətlər gedir.

- Onları biz tanıyırıqmı?
- Adlarını məsələ həllini tapdıqdan sonra deyə bilərəm. Biri hazırda da Türkiyə Superliqasında çıxış edir. Özünü təsdiqləmiş, yüksək qol duyumuna malik hücumçudur. Digərinin də işi alınsa, hamımız üçün sürpriz olacaq.

- Serjio Paşekonun məsələsi nə yerdə qalıb?
- O, "Sivasspor"a məxsusdur. Klubun prezidenti Mecnun Otyakmaz ilə braziliyalı legioner barəsində danışıqlarımız olub. Paşeko ötən mövsümü boşa verib, çox az hallarda meydana çıxıb. Hücumameylli yarımmüdafiəçi kimi komandamıza kömək edə bilərdi. Əgər oyun təcrübəsi çox olsaydı, biz transfer məbləğinin böyük olmasına baxmayaraq, onunla anlaşardıq. Paşekonun keçidi bir qədər arxa plana keçib.

- Sirr deyilsə, növbəti mərhələyə çıxmaq üçün komandaya nə qədər mükafat vəd olunub?
- "Ekranas"a görə söz verdiyimiz mükafatı ödəmişik. "Levski"ni udsaq, mükafat ondan çox olacaq. Rəqiblər arasındakı səviyyə fərqini nəzərə almışıq. Amma dəqiq rəqəm deyə bilməyəcəyəm. Bir çox dostlar, əməkdaşlıq etdiyimiz şirkətlər var ki, "Bakı"nın çıxışından ruhlanıblar. Bəzi yeni təkliflər almışıq.

- Həmin təkliflər nədən ibarətdir?
- Klubla reklam müqaviləsi bağlamaq istəyirlər. Üç-dörd belə təklifi gözdən keçiririk. Elə yaxın insanlar da var ki, deyib, "Levski"ni udun, biz də futbolçulara mükafat verəcəyik. Təki mərhələni adlayaq, komandamız mükafatı artıqlaması ilə alacaq.
0