15 saniyəlik reklam 600 manata
03.08.2009 - 15:58
15 saniyəlik reklam 600 manata
“15 saniyə reklam üçün 600 manat istəyən telekanallar iki dəqiqəlik görüntü üçün 400 manat verə bilmirlər ki?” Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Azərbaycan Premyer Liqasının püşkatması mərasimində iştirak edən rəhbər şəxs çempionat oyunlarının yayım hüququnun AzTV-yə verilməsinin səbəblərini açıqlayıb: “Biz yayım məsələsinin həlli zamanı maddi durumumuzu düşünməmişik. Ən önəmlisi futbolun yayımlanmasıdır. Digər kanallar Bakıdan kənardan canlı reportaj hazırlamaqda çətinlik yaşayır. Hətta bəziləri Sumqayıtdan belə, canlı futbol vermək iqtidarında deyil. AzTV-nin isə buna texniki imkanları çatır. Həm də bu kanalı ölkədən kənarda da izləyib çempionatımıza baxa bilərlər”.

Digər telekanalların stadionlarda çəkiliş aparmasına qadağa qoyulduğunu bildirən PFL başçısı klublara ev oyunlarında buna imkan verməməyə çağırıb. Hər oyundan qısa görüntü vermək istəyən şirkətlər isə yayım hüququna sahib olan AzTV ilə razılıq əldə etməlidir: “Bu yaxınlarda bir reklam üçün telekanallara müraciət etdim. Onlar məndən 15 saniyə üçün 600 manat istədilər. Reklamın qiyməti belədirsə deməli ionlar görüntünü də pulla ala bilər”.
0