Mixael Ballak Azərbaycanla oyun ərəfəsində barmağının dərdini çəkir
03.08.2009 - 17:52
Mixael Ballak Azərbaycanla oyun ərəfəsində barmağının dərdini çəkir
Almaniya milli komandasının kapitanı Mixael Ballakın Bakıya gəlməyəcəyi istisna deyil. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 12-də keçiriləcək Azərbaycan - Almaniya oyununda iştirakına zədəsi mane ola bilər. Çünki bir müddət öncə onun barmağı sınıb.

Mövcud durum barədə isə baş məşqçi Yoahim Löv danışıb. O, Mixaeli yığmaya çağırıb-çağırmayacağı ilə bağlı tərəddüd edir: “Mən hələ də ümid edirəm ki, hər şey yaxşı olacaq. Barmaq sınanda dəqiq proqnoz vermək olmur. Buna görə də Ballakın nə vaxt sıraya dönəcəyi bilinmir. Bu çox ağrılı zədədir. Ən maraqlısı isə müxtəlif vaxtlarda müxtəlif adamların sınmış barmaqları fərqli müddətə sağalır. Bakıdakı oyun ərəfəsində 2-3 gün hazırlıq keçəcəyik. O vaxtadək Mixaelin durumu da aydınlaşa bilər”.

Qeyd edək ki, “Çelsi”nin şərəfini qoruyan Ballakın iki həftə əvvəl sınan barmağının indiyədək sağalacağı gözlənilirdi.
0