“Simurq” uduzdu və 3 futbolçu ilə müqavilə bağladı
04.08.2009 - 09:33
“Simurq” uduzdu və 3 futbolçu ilə müqavilə bağladı
Yeni mövsümə hazırlaşan Zaqatalanın “Simurq” klubu Gürcüstan toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis Roman Pokoranın yetirmələri qonşu ölkəni məğlubiyyətlə tərk edib. Belə ki, “Simurq” Gürcüstandakı sonuncu yoxlama görüşündə “Quriya”ya uduzub - 0:1. Təmsilçimizin Kutaisi “Torpedo”su ilə qarşılaşacağı gözlənilsə də, həmin matç baş tutmayıb.

Zaqatalalılar heyəti daha 3 futbolçu ilə gücləndiriblər ki, bunların da ikisi legionerdir. Müdafiəyə meylli ukraynalı orta xətt oyunçusu Andrey Sokolenko və Gürcüstan milli komandasının müdafiəçisi Teymuraz Qonqadze ilə 1 illik müqavilə imzalanıb.
1978-ci ildə Simferopolda doğulan Sokolenko karyerasına yerli “Tavriya”da başlayıb. Ardınca “Prikarpatye”, “Krivbass”, “Volın” və “Obolon”un şərəfini qoruyan futbolçu iki dəfə legioner həyatı yaşayıb. Əvvəlcə Minsk “Dinamo”sunun, daha sonra Qazaxıstan “Aktobe”sinin uğurları üçün tər tökən Andrey karyerasının son illərini “Xarkov”da keçirib. Sokolenko Ukrayna yüksək liqasında 200-ə yaxın oyunda meydançaya çıxaraq, 5 qol vurub.

Qonqadzenin isə 24 yaşı var. O, sağ cinah müdafiəçisidir və karyerası boyunca “Ameri” və “Olimpi”nin şərəfini qoruyub. Sonuncu komanda ilə bu mövsüm UEFA Avropa Liqası oyunlarında forma geyinib və parlaq çıxışı ilə Gürcüstan yığmasının baş məşqçisi Ektor Kuperin də diqqətini cəlb edib.

Bir müddət öncə Camal Məmmədovu sıralarına qatan “Simurq” bir yerli futbolçu ilə müqavilə bağlayıb. Legionerlərlə yanaşı, Vüsal Qarayev da heyətə cəlb olunub. Tovuz futbol məktəbinin yetirməsi olan 23 yaşlı futbolçu yerli “Turan”dan başqa, “Qəbələ” və “Muğan”da oynayıb. Qarayev “Simurq”la 1 illik razılaşmaya qol çəkib.
0