Sofiyadan ilk reportaj: 7 saatlıq uçuş, bolqar azarkeş və “Rodina”
04.08.2009 - 10:13
Sofiyadan ilk reportaj: 7 saatlıq uçuş, bolqar azarkeş və “Rodina”
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Levski” - “Bakı” oyununu işıqlandırmaq istəyən azərbaycanlı jurnalistlər dünən Bolqarıstana yollanıblar. Apasport.az saytının əməkdaşının da yer aldığı 28 nəfərlik nümayəndə heyəti Bakı-Vyana-Sofiya reysi ilə uçub. Təxminən 7 saat yol qət edən həmyerlilərimiz bu gecə Bakı vaxtı ilə saat 1 radələrində Bolqarıstan paytaxtına yetişiblər.

Maraqlıdır ki, Vyanadan Sofiyaya gedən təyyarədə yer almış bolqar futbol azarkeşi “Levski”nin əzəli rəqibi olan MOİK-ə (Sofiya) azarkeşlik etdiyindən, “Bakı”ya dəstək olub və qarşıdakı oyunda komandamıza uğurlar arzulayıb.

Nümayəndə heyətimizi Sofiya hava limanında ölkəmizin Bolqarıstandakı səfirliyinin 3-cü katibi Elçin Məmmədov və konsul Elşən Həsənov qarşılayıb. Məmmədov bildirib ki, Azərbaycanın Bolqarıstandakı səfiri Elman Zeynalov və Sofiyada yaşayan azsaylı soydaşlarımız da oyunu izləməyə gələcək. Bolqarıstanda türklər çoxluq təşkil etsə də, onların stadiona gəlib “Bakı”nı dəstəkləmələri çətin məsələdir. Çünki bolqarlarla türklər arasında münasibətlər heç da yaxşı deyil. Üstəlik, Bakıdakı oyundan sonra “Levski” hava limanında üzləşdiyi problemlərə görə ölkəmizi narazı tərk edib.

Bakıdan gələn nümayəndə heyəti onlar üçün ayrılan xüsusi avtobusla dörd ulduzlu “Rodina” otelinə yollanıb. Çarter reysi ilə səfər getmiş “Bakı” komandası isə jurnalistlərdən 8-9 saat öncə Sofiyaya çatıb. Dünən axşamçağı Qyoko Haciyevskinin yetirmələri ilk məşqlərini keçiblər. Məşq oyunun keçiriləcəyi stadionda olmayıb. Qaydaya görə, qonaq komanda görüşə bir gün qalmış matçın gerçəkləşəcəyi arenada hazırlıq keçə bilər. Böyük ehtimalla, “Bakı” üzvlərinin bu gün jurnalistlərlə ünsiyyətinə də qadağa qoyulacaq. Məqsəd onların bütün diqqətlərini sabah “Levski” ilə cavab görüşünə yönəltməkdir.
0