Hacıyevski çoşdu: Siz, bolqar jurnalistlər axmaq-axmaq şeylər yazırsınız!
06.08.2009 - 10:17
Hacıyevski çoşdu: Siz, bolqar jurnalistlər axmaq-axmaq şeylər yazırsınız!
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində oynanılmış “Levski” - “Bakı” (2:0) matçından sonra mətbuat konfransı keçirilib. Apasport.az saytının Sofiyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, jurnalistlərinin qarşısına öncə komandamızın baş məşqçisi Qyoko Hacıyevski çıxıb. O, bolqarıstanlı jurnalistlərin suallarının cavablandırarkən, əsəblərini cilovlaya bilməyib.

- Oyun haqda fikirlərinizi bilmək istərdik.
- İlk növbədə onu deyim ki, buraxdığımız birinci qol mənə şübhəli göründü. Felikslə ilk oyunda olan epizodda olduğu kimi, təkrar görüşdə də hakimlər şübhəli qərar verdilər. Hesab edirəm ki, qola qədər meydanda bərabər mübarizə gedirdi. Onu da qeyd edim ki, hücum xəttimiz istədiyimiz səviyyədə deyildi. İki-üç dəfə qol imkanı yaxaladıq. Təəssüf ki, Şoliç əldə etdiyi imkanı qaçırdı. Hər halda, “Levski” qələbəyə layiq idi və bu münasibətlə onları təbrik edirəm.

- Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Əsas səbəblər müdafiədə buraxdığımız iki səhv oldu ki, bu da qolla nəticələndi. Bir də ki, hücum xəttimizin “dişsizliyi” öz təsirini göstərdi. Bəli, “Levski” cüzi üstünlüyə malik idi. Bu da normaldır. Axı onlar güclü azarkeş dəstəyi altında oynayırdılar. Amma şübhəli ilk qol bizi ruhdan saldı.

- Hava şəraiti oyununuza təsir göstərdimi?
- Buna dəqiq cavab verə bilmərəm. Etiraf edim ki, “Levski” bizdən daha təcrübəlidirlər və bundan yararlandılar. Bizdə isə son ötürmə alınmırdı. Feliks, Bəxtiyar Soltanov, Fernando Peres istədiyimiz oyunu sərgiləmədi.

- Qol buraxdıqdan sonra da nədənsə Batistaya şans vermədiniz. Bu nə ilə əlaqədar idi?
- Onu da meydana buraxsaydım, 4 hücumçu ilə oynayacaqdıq. Bizə isə hücumçulara topu çatdıra bilən texnikalı yarımmüdafiəçilər lazım idi. Bu səbəbdən də Mahmud və Amiranı döyüşə atdım. Əsas son ötürmədir. Bax bunu edə bilmədik.

- Mucirini start heyətinə salmamağınıza ilk oyundakı konfliktin təsiri oldumu?
- Siz, bolqar jurnalistlər axmaq-axmaq şeylər yazırsınız! Biz nə vaxt Muciri ilə əlbəyaxa olmuşuq? Mən Bakıdakı oyunda onu əvəzlədikdən sonra yalnız qolundan tutmuşdum.

- Nəyə görə 9 nəfərlə müdafiə olunurdunuz?
- Siz saymağı bacarırsınız? Nəyə görə bolqar jurnalistlər Felikslə yanaşı neçə oyunçumuzun hücum etdiyini görməyi bacarmırlar?

- Vərəqələr barədə nə deyə bilərsiniz?
- Yersiz sarı vərəqələr alsaq da, hakim heç də düzgün qərarlar qəbul etmirdi. Məsələn, Feliksə qarşılaşmanın əvvəlində nəyə görə rəsmi xəbərdarlıq edilməsini başa düşə bilmədim. Bundan sonra əsas məqsədimiz Avroliqanın 4-cü təsnifat mərhələsində uğurla çıxış edib, qrupa vəsiqə qazanmaqdır.
0