AFFA almaniyalılara arzuolunmaz anı xatırlatdı
12.08.2009 - 17:10
AFFA almaniyalılara arzuolunmaz anı xatırlatdı
Bu gün AFFA-nın inzibati binasında “Baku und das Wambley-Tor” (“Bakı və Uembli qapısı”) kitabının təqdimat mərasimi keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, təqdimat mərasimində AFFA rəhbərliyi, Almaniya Futbol İttifaqının nümayəndələri, mərhum hakim Tofiq Bəhramovun oğlu Bəhram Bəhramov, Almaniyanın veteran futbolçusu Hans Tilkovski, yerli və Almaniya KİV-inin nümayəndələri iştirak ediblər.

Maykl Cozef Nasyadek və Henrix Peukmannın müəllifi olduğu kitabda Azərbaycan və Almaniya futbolunun əlaqələri, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında Almaniya yığmasının buraxdığı və həmin matçın yan xətt hakimi Tofiq Bəhramovun işarəsi ilə qeydə alınan qol, bu qarşılaşmada bundestimin qapıçısı olmuş Hans Tilkovskinin Bakıya səfəri və s. barədə ətraflı məlumat verilib.

Təqdimat mərasimində müəlliflərindən biri Nasyadekin çıxışından sonra 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında Almaniya milli komandasının şərəfini qorumuş Hans Tilkovski jurnalistlərin suallarını cavablandırıb.

Xatırladaq ki, sözügedən dünya çempionatının finalında Bəhramov həlledici qərar qəbul edib. İngilislərin zərbəsi zamanı top qapı tirinə dəyib qapı xəttini keçdikdən sonra həmvətənimiz qol qeydə alıb. Bununla da, hesab 3:2 İngiltərə yığmasının xeyrinə dəyişib. Lakin almaniyalılar indiyədək qol epizodunda topun qapı xəttini keçmədiyini iddia edirlər. Hər halda, həmin final görüşündə İngiltərə milli komandası 4:2 hesablı qələbə qazanaraq, tarixdə ilk və son dəfə dünya çempionu olub.
0