Kaxaber Sxadadze futbol ictimaiyyətindən üzr istədi
12.08.2009 - 23:31
Kaxaber Sxadadze futbol ictimaiyyətindən üzr istədi
“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin apasport.az saytına müsahibəsi

- Öncə avroliqada "Spartak"la oyunlar barədə nə deyə bilərsiniz?
- İlk növbədə azarkeşləri üzdüyümüzə görə təəssüflənirəm. Bütün futbol ictimaiyyətindən üzr istəyirəm. Ötən mövsümü komanda uğursuzluqla başa vurdu. Komanda həm çempionluğu, həm də ölkə kubokunu son anda əldən verdi. Bu, istər-istəməz psixoloji cəhətdən futbolçulara təsir etmişdi. Bununla yanaşı, "İnter"in heyətində yığmanın üzvləri var. Onlar da millinin oyunları ilə bağlı istirahətə gec yollanmışdılar. Mövsümboyu yorğunluq komandada hiss olunurdu. Mən gələndən sonra da komandanın fiziki baxımından yorğun olduğu görünürdü. Bütün bunlar nəticəyə öz təsirini göstərməli idi. Avroliqa oyunlarının startına isə az vaxt qalmışdı. Bu qısa müddət ərzində problemləri aradan qaldırmağa çalışdıq. Hər halda, ilk oyundan sonra ümidimiz vardı ki, "Spartak"ı keçə bilərik. Alınmadı.

- Rəqib, çox güclü idi?
- "Spartak" Avropanın ortabab klublarından sayılır. Slovaklar əsasən güc futboluna üstünlük verirlər. Onlar bizi fiziki baxımdan üstələdilər. İlk 30 dəqiqə ərzində rəqib qapısını sıxa bildik. Hətta hesabı da açdıq. Ondan sonra futbolçular atletik cəhətdən slovaklarla bacarmadılar. "Spartak" bizi taktiki cəhətdən deyil, "fizika"da üstələdi. Bu oyuna bir də qayıtmaq istəməzdim. Artıq geridə qalıb. İndi "Spartak"la yenidən üz-üzə gəlsək, tam başqa oyun görə bilərsiz. Gəlin, olub keçənləri unudaq, gələcəyə baxaq. Yeni mövsüm başlayır. İndi məni "İnter"in Premyer Liqada çıxışı düşündürür.

- Yeni mövsümə hazırlıq necə keçdi?
- Avroliqadakı uğursuzluqdan sonra komandaya "yeni qan" lazım idi. Bunu nəzərə alıb heyəti gücləndirməyə qərar verdik. Bolqarıstanda 15 gün təlim-məşq toplanışı keçdik. 20-yə yaxın yeni futbolçu baxışda oldu. Yeddi yoxlama matçında gücümüzü sınadıq. Komandanın fiziki cəhətdən hazırlıqlı olması üçün gündə iki dəfə məşq keçdik. Əfsuslar olsun ki, baxışdakı futbolçuların çoxu ümidləri doğrultmadı. Təlim-məşq toplanışı komandanın hazırlığına və yeni futbolçuları sınaqdan çıxarmağa böyük kömək oldu.

- Yeni mövsümün əvvəlkilərdən fərqlənəcəyi qənaətindəsiz?
- Növbəti mövsüm ən güclü çempionat kimi tarixə düşəcək. İddialıların sayı artıb. Mükafatçılar sırasına düşmək üçün əvvəlcə "altılığ"a daxil olmalısan. "Altılıq" sistemində oyunlar daha gərgin keçəcək. Çünki burada yer alan komandalar arasındakı oyunların xalları sonradan hesablanacaq. "İnter"in həmişə bir məqsədi olub: çempion olmaq və ölkə kubokunu qazanmaq. Hələ deyə bilmərəm ki, buna yüz faiz hazırıq. Amma növbəti çempionata hazırlığımız yüksək səviyyədə keçib. Futbolçuların 90 dəqiqə fiziki cəhətdən hazır olması bizi gələcəyə ümidlə baxmağa sövq edir. İnanıram ki, qarşıya qoyulan məqsədin öhdəsindən kollektiv olaraq gələcəyik. Digər yandan, marafon çox uzundur. Mövsümboyu oyunların sayı artır. Heyəti bir az da gücləndirməyi düşünürük.

- "Altılıq" sistemi ilə keçirilən növbəti çempionatın ölkə futboluna xeyri dəyəcəkmi?
- Bu məsələyə toxunmaq istəməzdim. Federasiya belə qərar qəbul edib. Klublar da buna əməl etməlidirlər. Bir məşqçi kimi onu deyə bilərəm ki, yeni sistem Azərbaycan futboluna və onun inkişafına kömək edəcək. Ən başlıcası, ona görə ki, oyunların sayı artacaq. "Altılığ"a düşən komandalar iki dəfə deyil, dörd dəfə üz-üzə gələcəklər. İstər-istəməz çempionatdakı rəqabət artacaq. Azarkeşlərin də stadiona gəlməsinə şərait yaradacaq. Çempionluq uğrunda mübarizənin daha da gərginləşdiyini deyə bilərəm.

- "Altılığ"a düşməyə kimləri şanslı sayırsınız?
- Düzünü deyim ki, çətinlik çəkirəm. Vəziyyət o yerdədir ki, bütün komandalar güclənib. Hətta kiməsə autsayder deməyə dilim gəlmir. Çünki həqiqətən də növbəti mövsüm ağır olacaq. Proqnoz vermək çətin məsələdir. İlk 5 turda komandaların səviyyəsi özünü göstərəcək.

- Yeni gələnlərin "İnter"ə kömək edəcəyinə əminsiz?
- Görün, kimləri heyətimizə qatmışıq. Aleksandr Çertaqanov və Mahir Şükürov yığmanın aparıcı üzvləridir. Georgi Lomaya Gürcüstan millisinin qapıçısıdır. Anhel Qutyerres ötən mövsüm Azərbaycanda ən yaxşı hücumçulardan biri idi. Kaxaber Mjavanadzeni də yarımmüdafiədə ən yaxşılardan hesab etmək olar. Əminəm ki, bu futbolçular komandamızın çempionluq uğrunda mübarizə aparmasına kömək edəcək.

- Mahir Şükürovun "İnter"dən ayrıldığı deyilirdi...
- Belə söhbət yoxdur. İlk gəldiyim gündən Mahir Şükürovun komandaya transfer olunmasını istəmişəm. Rəhbərlik də mənim bu qərarıma hörmətlə yanaşıb, yığmanın üzvünü heyətə cəlb ediblər. Deyirsiz ki, gətirdiyim oyunçunu komandadan kənarlaşdırmışam? Yox.

- Mətbuatda yayılan xəbərlərə görə, Şükürov sizdən Bolqarıstana getməmək üçün icazə istəyib. Belə bir söhbət olub?
- Bəli. Bunun baş verən məsələyə aidiyyatı yoxdur. Mahir yığmada yer aldığı üçün onun istirahət etməsinə razılıq vermişdim. O bütün mövsümboyu oynadıqdan sonra millinin Türkiyə və İspaniyaya qarşı yoldaşlıq görüşlərində də çıxış edib. Azərbaycan yığmasının almanlarla oyunöncəsi təlim-məşqin vacib olduğunu görüb, istirahət verdim. Bunu yanlış anlamaq lazım deyil. Mahir "İnter"in heyətində Avroliqada ən yaxşı oyun göstərmiş futbolçulardan biridir.

- Sizi oyun planında Azərbaycan futboluna yeniliklər gətirmiş bir məşqçi kimi tanıyırıq. "İnter" həmişə darıxdırıcı futbol nümayiş etdirib. Qarşıdakı mövsüm "İnter"dən həzz ala biləcək oyun görə biləcəyik?
- Mən hansı komandada işləmişəmsə, yeni izlər buraxmağa çalışmışam. Hər dəfə də rəqibə qarşı xüsusi taktiki plan hazırlamışam. Bir də ki, eyni taktika ilə çempionatda mübarizə aparmaq mümkün deyil. Çünki istər-istəməz rəqiblər oyunu izləyir və hansı taktikadan istifadə etdiyini bilir. Odur ki, "İnter"in oyun quruculuğunda da müəyyən dəyişikliklər etmişəm. Bəribaşdan bu barədə danışmaq istəmirəm. Qoy, bu bir sirr olaraq qalsın (gülür). Onsuz da, əvvəl-axır azarkeşlər bunu görəcək. Növbəti mövsüm "İnter"in oyunundan azarkeşlər həzz alacaqlar.
0