“Foqts mənə şans versə... ” - MÜSAHİBƏ
13.08.2009 - 00:42
“Foqts mənə şans versə... ”  - MÜSAHİBƏ
Maksim Medvedyev həm “Qarabağ”ın, həm də U-21-in əsas oyunçularındandır. Lüksemburqla matçda ən yaxşılardan olan sağ cinah müdafiəçisi Ağdam təmsilçisinin Avropa Liqasında keçirdiyi bütün oyunlarda forma geyinib.

- Lüksemburq yığması ilə oyun barədə nə deyə bilərsən?
- Sözün düzü, oyunumuz xoşuma gəlmədi. Düzdür, birinci qoldan sonra uşaqlar özlərinə gəldilər və üstünlüyü ələ aldıq. İkinci hissədə isə oyun tamamilə bizim nəzarətimiz altında keçdi. Hamımız meydanda mübarizə aparırdıq. Birinci hissədə künc zərbəsindən sonra 100 faizlik qol şansını əldən verdik. Əvəzində, vurmayana vurarlar prinsipi işə düşdü. Onlar hücum təşkil etdilər və qol vurdular. Nodarın qolu bizə çox kömək etdi. Hesabı bərabərləşdirdikdən sonra qələbə haqqında düşünürdük. Ancaq bəxtimiz gətirmədi. Rəqib elə epizoddan qol vurdu ki, bu, gözlənilməz oldu. Qarşılaşmanın sonuna yaxın 3 müdafiəçi ilə oynadıq. Əvəzində, hücumu gücləndirdik. Lakin məğlubiyyətdən qaça bilmədik. Rəqib hesabı qoruya bildi və qələbə qazandı.

- Rəqibin üstün cəhətləri hansılar idi?
- Əvvəla, doğma meydanda oynayırdılar. Həm də onlar oyunu əks-hücum üzərində qurmuşdular. Qapımıza 2 zərbə endirdilər, hər ikisi qol oldu. İkinci topda müdafiəçilərimizin səhvi var idi. Yəni rəqib müdafiəyə xüsusi diqqət yetirirdi.

- Sona 15 dəqiqə qalmış Lüksemburq yığması azlıqda qaldı...
- Oyunçuları qırmızı vərəqə aldıqdan sonra hücumameyilli yarımmüdafiəçini geri çəkdilər. Biz də 2 hücumçu ilə mübarizə apardıq. Ancaq onlar arxada sanki ətdən çəpər çəkmişdilər.

- Bu oyun Avropa çempionatının qrup mərhələsi çərçivəsində Albaniya ilə keçirəcəyiniz oyuna hazırlıq məqsədi daşıyırdı. Lüksemburqla müqayisədə Albaniya daha güclüdür. Sən həmin oyunda hansı nəticəyə ümid edirsən?
- Artıq Albaniya ilə bir neçə dəfə qarşılaşmışıq. Oyun üslubuna bələdik. Albaniya elə komandadır ki, uda da bilərik, uduza da. Məncə, komanda həmin oyuna başqa əhval-ruhiyyədə hazırlaşacaq. İnşallah, Tiranada qələbəni biz bayram edərik.

- Qrupdakı digər rəqiblərimiz Belarus, Şotlandiya və Avstriyadır. Yığmamızın şanslarını necə dəyərləndirirsən?
- Məncə, U-21-in bütün üzvləri komandaya kömək etsələr, yaxşı nəticə qazanmaq olar. Düzdür, rəqiblərimiz güclü və tanınmış komandalardır. Ancaq hazırda yığmanın düşəgəsində olan oyunçularımız U-21-ə qoşulsalar, uğurlu çıxışa ümid etmək olar.

- Bir az da “Qarabağ” haqqında danışaq. Necə düşünürsən, avrokuboklarda belə uğurlu çıxış edəcəyiniz gözlənilən idi?
- Hazırda “Qarabağ”ın heyətinə elə futbolçular yığışıb ki, onlar yığmanın formasını geyinəcək gücdədirlər. Heyətdə həm gənclərə, həm də təcrübəli oyunçulara yer verilib. Cavanlar 90 dəqiqə “işləyir”lər, bizdən böyüklər isə təcrübəsindən istifadə edirlər. Yəni heyətə diqqət yetirməklə “Qarabağ”ın bu cür uğurlu çıxış edəcəyini gözləmək olardı.

- Püşk “Qarabağ”ı “Rusenborq”a rəqib etdikdən sonra əksəriyyət komandanın şanslarını çox aşağı dəyərləndirirdi. Bu cür proqnozlar futbolçulara necə təsir göstərdi?
- “Rusenborq”la qarşılaşacağımızı bildikdən sonra oyuna daha da ciddi hazırlaşdıq. Düzdür, uşaqların əksəriyyəti növbəti mərhələyə yüksələcəyimizə inanmırdılar. Çünki Norveç təmsilçisi Avropada tanınmış və güclülərdən hesab edilir. Bu komanda daim Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. “Rusenborq” bizimlə oyuna arxayın çıxmışdı. Onlar birinci oyunda böyükhesablı qələbə qazanaraq cütün taleyini həll edəcəklərinə inanırdılar. Ancaq nəticə göz qabağındadır. Əlbəttə, bu, Azərbaycan futbolu üçün böyuk bayram oldu.

- Ötən mövsüm sən müdafiədə Elnur, Teli, Aftandillə birgə çıxış edirdin. İndi Rəşad Sadıqovla çiyin-çiyinə mübarizə aparırsan...
- Aftandil də yaxşı oyunçudur. Sadəcə, zədəli olduğundan oyunları buraxmaq məcburiyyətində qaldı. Rəşadın gəlişi ilə müdafiə xəttinin çox gücləndiyini düşünmək olar. O, bir müddət Türkiyədə oynayıb, təcrübəlidir. Bizə çox kömək etdiyini düşünürəm.

- Hər iki oyunda azarkeşlər stadionu tamamilə doldurmuşdular. Bu cür atmosferdə oynamaq asandır?
- Tofiq Bəhramov adına Respublika stadionu nadir hallarda dolur. Əlbəttə, ora toplaşan insanlar bizi dəstəkləməklə komandamızı ruhlandırdılar, eyni zamanda rəqibi təzyiq altında saxladılar. Onlar “12-ci oyunçu” funksiyasını yerinə yetirdilər.

- Növbəti rəqib “Tvente”dir. Digər rəqiblərdən fərqli olaraq, Hollandiya klubları sürətli oyunu və tez-tez hücum təşkil etmələri ilə seçilirlər. Bu dueldə “Qarabağ”ın şansını necə qiymətləndirirsən?
- Düzdür, Hollandiya klubları daha sürətli və texnikalı futbol oynayır. Onlarla oyunda elə taktika seçməliyik ki, sona qədər mübarizə apara bilək. “Tvente”nin hücum xətti çox güclüdür. Hətta kapitanları da hücumçudur. Hər iki oyunda diqqətli olmalıyıq. Yəni rəqibə öz oyununu oynamağa imkan verməməliyik.

- “Qarabağ”ın qrup mərhələsinə düşmək şansı varmı?
- Şans həmişə var. Necə deyərlər, ümid sonda ölür.

- Artıq Premyer Liqanın da təqvimi hazırdır. Ancaq “Qarabağ”ın ilk 2 oyunu təxirə salınıb. Ümumiyyətlə, təqvim barədə nə deyə bilərsən?
- Əslində, hər iki oyunu oynamaq olardı. Onda Avropa Liqasına hazırlaşmaq üçün vaxtımız qalmayacaqdı. İndi bərpa prosesi keçmək üçün vaxtımız olacaq.

- Adətən qitəmiqyaslı yarışlarda uğurlu çıxış edən komandamız Premyer Liqada büdrəyir. “Qarabağ” necə, analoji halla üzləşə bilərmi?
- İnanmıram. Güclü heyətimiz var. Çalışacağıq cari mövsümdə “qızıl dubl” edək.

- Bu, rəhbərliyin tapşırığıdır?
- Yox, hələ komandanın qarşısına konkret vəzifə qoyulmayıb. “Tvente” ilə oyundan sonra bu haqda söhbət olacaq.

- Sən sabit oyununla seçilirsən. Yığma komandaya da namizədsən. Özünü hazır sayırsanmı?
- Təvazökarlıqdan uzaq olsa da, özümü heç kimdən zəif saymıram. İndi yaxşı formadayam. Şans versələr, əsas yığmada da oynaya bilərəm. Bunun üçün baş məşqçi Berti Foqtsun mənə şans verməsi lazımdır.

Mənbə: “Futbol dünyası” qəzeti
0