Miroslav Kloze: Bizi qınayanların yalnız bir iradı ola bilər
13.08.2009 - 12:33
Miroslav Kloze: Bizi qınayanların yalnız bir iradı ola bilər
“Bakıdakı qarşılaşmada çox çalışıb, əziyyət çəkməli olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının hücumçusu Miroslav Kloze deyib.

31 yaşlı futbolçu Azərbaycan yığması ilə görüşdə üzləşdiyi çətinlikdən danışıb: “Topa yiyələnməyə imkan tapsaq da, istədiyimiz kimi davrana bilmirdik. Üstəlik, bunun özü də çətinlik bahasına başa gəlirdi. Axı, qarşıda mütəşəkkil qurulmuş komanda olanda istədiyini etmək asan olmur. Azərbaycan da məhz belə komandalardandır. Bizi qınayanların yalnız bir iradı ola bilər. Bu da ikinci qoldan sonra sakitləşib, pauza yaratmağımızdır”.

Qeyd edək ki, Almaniya yığması dünən dünya çempionatının seçmə mərhələsində milli komandamıza qalib gəlib (2:0). Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda ikinci qolu 54-cü dəqiqədə Kloze vurub.
0