Kannavaro rekord vurdu
13.08.2009 - 13:54
Kannavaro rekord vurdu
“Yuventus”un müdafiəçisi Fabio Kannavaro İtaliya yığmasının rekordçusu olub. Apasport.az saytının məlumatına görə, 36 yaşlı futbolçu milli komandanın heyətində 127-ci oyununu keçirib. İsveçrə ilə yoldaşlıq matçında forma geyinən Kannavaro bununla da, yeni rekord müəyyənləşdirib.

İtaliya milli komandasında bundan öncə oyun sayına görə ən yüksək göstərici “Milan”ın müdafiəçisi Paolo Maldiniyə məxsus idi. Artıq karyerasını başa vurmuş Paolo yığmada 126 oyun keçirib. Kannavaro iyunda Konfederasiya Kuboku yarışında Braziliya ilə görüşdə (0:3) Maldininin göstəricisini təkrarlayıb.

Yeri gəlmişkən, “Çelsi”nin yarımmüdafiəçisi Deku da milli komandada fərqlənib. O, Portuqaliya yığmasında keçirilən oyunların sayına əsasən, əfsanəvi hücumçu Eysebionu qabaqlayıb. Deku dünən Lixtenşteynə qarşı yoldaşlıq matçında (3:0) milli komandada 65-ci dəfə meydana çıxıb. Ümumiyyətlə, portuqaliyalılar arasında ən yüksək göstərici “Real”, “Barselona” və “İnter”in sabiq yarımmüdafiəçisi Luiş Fiquya məxsusdur – 127 oyun. Sonrakı pillələrdə Fernando Koutu (110 matç) və Ruy Koşta (94 matç) qərarlaşıb.
0