“Onların bizə böyük köməyi dəydi” – MÜSAHİBƏ
13.08.2009 - 16:09
“Onların bizə böyük köməyi dəydi” – MÜSAHİBƏ
Açıq Əyləncəli Futbol Məktəblərinin Zaqafqaziya və Moldova üzrə koordinatoru Valeri Çolariya AFFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Çolariya qazanılan uğurlardan, mövcud problemlərdən və gələcək planlardan danışıb.

- Açıq Əyləncəli Futbol Məktəbləri olaraq fəaliyyətiniz konkret nədən ibarətdir?
- Biz 2003-cü ildən Qafqazda fəaliyyət göstərməyə başlamışıq. Əsas məqsədimiz 7-12 yaşında uşaqların futbola cəlb edilməsidir. Xüsusilə də imkansız və futbolla məşğul olmayan uşaqları bu məktəblərə cəlb edirik. Fikir verirsinizsə, biz daha çox problemli, yəni əvvəl müharibə gedən və ya hazırda döyüş əməliyyatları davam edən ölkələrdə fəaliyyət göstəririk. Bu, çox vacib işdir. Qısaca desək, Açıq Əyləncəli Futbol Məktəbləri uşaqların idmanla məşğul olmasına geniş şərait yaradır. Üstəlik, bizim məktəblərin uşaqları hər cür idman ləvazimatları və diplomlarla təmin edilir. Eyni zamanda müəllimlər üçün seminarlar keçirilir.

- Xeyli vaxtdır fəaliyyət göstərirsiniz. Bu müddətdə hansı uğurlara nail olmusunuz?
- Bu ilin iyulunda İngiltərədə “CROSS CULTURES” təşkilatının keçirdiyi müsabiqədə Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi birinci yeri tutdu. Müküfatı Britaniyanın keçmiş baş naziri Toni Bleyer təqdim etdi.

- Azərbaycan bu layihədə neçənci yeri tutur?
- Etiraf edim ki, Açıq Əyləncəli Futbol Məktəblərində əsas iş ölkənizin üzərinə düşür. Bu layihənin əsas himayədarlardan biri Azərbaycan Respublikası Dövlət Nneft Şirkətidir. Onların bizə böyük köməyi dəydi. Bakıya ikinci dəfə gəlmişəm. Əvvəlki səfərimlə müqayisədə indi Açıq Əyləncəli Futbol Məktəblərinə daha böyük maraq var. Sumqayıtda keçirdiyimiz tədbirdə təcrübəli məşqçi Ağamusa Bağırovla görüşdük. O, əvvəllər burada üzə çıxarılmış bir neçə futbolçunun müxtəlif yığma komandalarınıza cəlb edildiyini bildirdi. Bu isə bizim üçün fəxrdir.

- Nə kimi problemlərlə qarşılaşırsınız?
- Daha çox təşkilatçılıq baxımından problemlərlə üzləşirik. Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şəmilov bizə hər cür köməklik göstərdi. Amma hərdən çətinliklər də olur. Misal üçün, stadion, geyimlə təchizat problemi... Amma biz belə çətinlikləri həll etməyi öyrəşmişik.

- Gələcək planlarınız nədən ibarətdir?
- Avqust ayında builki işimizi başa vururuq. Artıq növbəti ilə hazırlaşırıq. Çalışacağıq ki, gələn il təkcə Sumqayıtda yox, başqa rayonlarda da Açıq Əyləncəli Futbol Məktəbləri təşkil edək. Çünki məqsədimiz hər yerdə futbolu inkişaf etdirməkdir.
0