Yunis Hüseynovun problemi
13.08.2009 - 17:15
Yunis Hüseynovun problemi
Yevlaxın “Karvan” klubu Azərbaycan Premyer Liqasında güvənmək istədiyi futbolçuları sifariş edə bilmir. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yevlaxlıların quruma təqdim etdiyi iştirak ərizəsinə əsasən, yalnız 14 oyunçunun çempionatda forma geyinməsi mümkündür.

Avqustun 15-də ilk tur çərçivəsində “İnter”in qonağı olacaq “Karvan” matçın startınadək yeni üzvlərinin transfer vərəqini həll etməlidir. Əks təqdirdə, Yevlax təmsilçisinin ehtiyat oyunçular skamyası yarıboş qalacaq. Başqa sözlə, qarşılaşmanın protokoluna 18 nəfər daxil etmək hüququ olan Yunis Hüseynov ehtiyatda 7 deyil, 3 futbolçu saxlamaqla keçinəcək.

Bu 14 oyunçudan da ikisi qapıçı, beşi müdafiəçi, altısı yarımmüdafiəçi və yalnız biri hücumçudur. Heyətin yarıdan çoxu legionerdir. Türkmənistanın 3, Gürcüstanın 2, Braziliyanın 1 təmsilçisi göstərilən siyahıda daha iki “sambaçı” milliləşdiyindən, azərbaycanlı kimi qeyd olunub. Hərçənd Andre Ladaqa və Leandro Qomeş kimi digər cənubi amerikalı Markus Ferreyra da Azərbaycan milli komandasında oynadığından hər iki ölkənin vətəndaşı sayılır.

Qapıçılar: 79. Pavel Xarçik (05.04.1974), 1. Nadir Şükürov (28.02.1967).

Müdafiəçilər: 3. İlham Yadullayev (17.09.1975), 2. Andre Luiz Ladaqa (19.02.1975), 24. Aleksandr İntskirveli (24.08.1981), 5. Ömər Berdıyev (25.06.1979), 4. Elxan Cəbrayılov (21.02.1984).

Yarımmüdafiəçilər: 7. Anar Həsənov (14.02.1983), 28. Əziz Quliyev (02.05.1987), 8. Markos Ferreira (18.02.1982), 18. İsmayıl Məmmədov (05.08.1976), 21. Dövlətmurat Atayev (16.03.1983), 20. Mixail Mesxi (07.04.1978).

Hücumçu: 32. Leandro Qomeş (24.08.1976).
0