“Muğan”dan və Elşad Quliyevdən uğurlu start
14.08.2009 - 09:45
“Muğan”dan və Elşad Quliyevdən uğurlu start
Futbol üzrə Azərbaycan Premyer Liqa klublarının əvəzedici heyətləri arasında 2009/10 mövsümü start götürüb. Apasport.az saytının məlumatına görə, çempionatın ilk qarşılaşması Lökbatan Olimpiya Kompleksinin stadionunda Salyanın "Muğan" və Sumqayıtın "Standard" klubları arasında olub.

Meydan sahibi qismində çıxış edən salyanlılar Premyer Liqa komandalarının əvəzedici heyətlərinin çempionatına qələbə ilə başlayıblar - 2:1. Görüşün 17-ci dəqiqəsində hesabı açan Səməd Rzayev mövsümün birinci qolunun müəllifi kimi tarixə düşüb. İkinci hissənin ortalarında “Standard”ın üzvü Ramil Həşimzadə hesabı bərabərləşdirib. Lakin Elşad Quliyevin yetirmələri qonaqlara məğlubiyyət acısı daddırmağı bacarıblar. “Muğan” 90+2-ci dəqiqədə Ramin Əliyevin qolu sayəsində qələbəni rəsmiləşdirib. Beləliklə, Elşad Quliyevin baş məşqçi postunda debütü uğurlu alınıb.

Bu gün əvəzedicilərin çempionatında “Karvan” “İnter”lə üz-üzə gələcək.
0