“Qarabağ” rəsmiləri Hollandiyanın hansı otelində qalacaqlarını özləri də bilmirlər
14.08.2009 - 16:30
“Qarabağ” rəsmiləri Hollandiyanın hansı otelində qalacaqlarını özləri də bilmirlər
“Qarabağ” komandası Avroliqanın dördüncü təsnifat mərhələsində “Tvente” ilə qarşılaşmaq üçün Hollandiyaya avqustun 18-də yola düşəcək. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, uçuş saat 10:00-a təyin olunub.

Ancaq qəribədir ki, “Qarabağ” rəsmiləri səfərə hansı marşrutla çıxacaqlarını, Hollandiyanın hansı otelində qalacaqlarını özləri də bilmirlər. Deyəsən, “Honka” üzərində qələbədən sonra eyforiyaya qapılan ağdamlılar Avropanın şəhərlərini və otellərini də səhv salıblar.

Klubun rəsmi saytında yazılıb ki, komandanı aparan təyyarə Almaniyanın Münsten şəhərinə enəcək. Halbuki Almaniyada bu adda şəhər tapmaq müşkül məsələdir. Görünür, “Qarabağ”ın saytının əməkdaşları Munster (almanca yazılışı: Munster) şəhərini nəzərdə tuturlar.

Bundan başqa, saytda Enshede şəhərində məskunlaşacaqları otelin adı da səhv yazılıb - “Vimpersberq”. Amma əslində, buranın adı “Vilmersberq”dir (hollandca “Wilmersberg”). Belə nöqsanların xüsusilə qrammatik səhvlərlə dolu olan “Qarabağ”ın saytı ilə, yoxsa klub rəsmilərinin naşılığı ilə bağlı olduğunu söyləmək çətindir.
0