İqor Ponomaryov “7” deyir
14.08.2009 - 16:49
İqor Ponomaryov “7” deyir
“AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərar çox düzgün atılan addımdır. Axı, legionerlərə bir limit qoymaz lazım idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti İqor Ponomaryov deyib.

49 yaşlı futbol mütəxəssisi 2010/11 mövsümündən Premyer Liqada əcnəbi futbolçulara “8+3” limitinin tətbiq olunması ilə bağlı qərara münasibət bildirib: “Ən əsası qərarın bir il sonra üçün verilməsidir. Bu, klubların həmin müddətədək işlərini buna uyğun qurmağa imkan verəcək. Limitin 8 olmasına gəlincə, fikrimcə, bu rəqəmi 7-yə də endirmək olardı. Yəqin ki, gələcəkdə bu da olacaq. Sadəcə, AFFA legionerlərin sayını mərhələ-mərhələ azaldır”.

Ponomaryov yerli oyunçu qıtlığının yaşanıb-yaşanmamasının klubların özündən asılı olduğunu düşünür: “Hər klubda, ən azı 3 yerli futbolçunun meydanda olması indiki vəziyyətdə normaldır. Gələcəkdə bunun artması arzulanandır. Amma əsas məsələ ondan ibarətdir ki, bu kimin hesabına artacaq. Səviyyəli yerli oyunçunun yetişməsi üçün klublar işləməlidir. Mən hər hansı klubun fəaliyyətinə şübhə etmirəm. Amma bundan da yaxşı, daha məqsədyönlü işləməklə yeni oyunçuların yetişməsinə töhfə vermək olar. Ümid edirəm ki, elə belə də olacaq. Və limitin tətbiqi, sonradan legioner sayının daha da azalması komandalar üçün problem yaratmayacaq”.
0