“Xəzər” çempionluğa bir nömrəli namizəddir”
27.08.2009 - 00:47
“Xəzər” çempionluğa bir nömrəli namizəddir”
Beş ildir “Xəzər-Lənkəran”ın uğurları üçün tər tökən Rəşad Abdullayev mövsümün əvvəlində gözlənilmədən “Neftçi”yə keçdi. Çoxları onun flaqmana keçməsini maddi məsələlərlə əlaqələndirsə də, o, bunları qətiyyətlə təkzib edir. “Xəzər-Lənkəran”da maddi cəhətdən heç bir problem yaşamadığını deyən gənc yarımmüdafiəçi “Neftçi”yə keçməsinin ailəsi ilə əlaqədar olduğunu bildirir. Premyer Liqanın son turunda “Turan”a qarşı oynayan Abdullayev komandaya tam uyğunlaşıb. Flaqmanın birinci qolu vurmasında məhz onun böyük rolu olub. Suallarımızı cavablandıran Rəşad maraqlı məqamlara toxundu.

- Əvvəlcə “Turan”la oyun barədə fikirlərini bildirməni istərdik...
- Evdə keçirdiyimiz ilk oyundan qələbə ilə ayrılmaq istəyirdik. Buna da nail olduq. Son iki mövsümdə “Neftçi” “Turan”ı məğlub edə bilmirdi. Şükür Allaha, bu tilsimi sındırdıq. Nəzərə almaq lazımdır ki, “Turan” ötən illə müqayisədə çox güclənib.

- Hər iki qolun penaltidən vurulmasına münasibətin necədir?
- Oyunun çətin keçəcəyini bilirdik. Ona görə də yaxşı hazırlaşmışdıq. Qollara gəlincə, futbolda hər şey olur. Müasir futbolda qolların əksəriyyəti standart vəziyyətdən vurulur. Lakin bu o demək deyil ki, komandamız qol epizodu yarada bilmir. İş belə gətirdi, biz də penaltidən vurduğumuz qollarla qalib gəldik. Növbəti matçlarda oyun vəziyyətindən qol vurmağa çalışacağıq.

- Öz oyunundan razı qaldınmı?
- Açığını desəm, o qədər də razı qalmadım. Yaxşı olar ki, bu barədə kənardan baxan desin. Özümü tərifləyəsi deyiləm ki. Məncə, pis alınmadı. Ancaq bundan da yaxşı oynaya bilərdim. Əsl Rəşadı qarşıdakı oyunlarda görəcəksiniz.

- Ardıcıl iki qələbədən sonra liderliyi ələ keçirdiniz. Belə başlanğıcı gözləyirdinmi?
- “Neftçi” həmişə yüksək yerlər uğrunda mübarizə aparan komanda olub. Ona görə də uğurlu çıxış etməkdən başqa çarəsi yoxdur. Lakin nədənsə son illərdə çempionata yaxşı start verə bilmirdi. Bu il komandamız yaxşı hazırlıq mərhələsi keçdi. Təqvimin də əlverişli olması işimizə yaradı. Ardıcıl iki qələbə qazanaraq turnir cədvəlinin birinci pilləsinə yüksəldik. Lakin əsas oyunlar qabaqdadır. Önəmli olan bu uğurun davamını gətirməkdir.

- Artıq çempionatın iki turu arxada qalıb. Səncə, ötən mövsümlə müqayisədə Premyer Liqada nə kimi dəyişikliklər baş verib?
- Premyer Liqanın yeni sistemdə keçirilməsi çempionata olan marağı daha da artıracaq. Çünki hər bir komanda “altılıq”a düşmək uğrunda mübarizə aparır. Onu deyim ki, artıq zəif-güclü komanda yoxdur. Demək olar ki, Premyer Liqanın bütün iştirakçıları eyni səviyyədədirlər. Yeni sistemdə qazanılan hər bir qələbə qızıla bərabərdir. Biz də hər oyunda qələbə qazanmağa çalışacağıq ki, əvvəlcə “altılıq”a düşək. Buna qədər toplayacağımız xallar işimizə çox yarayacaq. Ona görə də hər görüşə ciddi yanaşırıq. Xüsusən evdə keçirdiyimiz oyunlarda xal itirmək niyyətində deyilik.

- Bir az da “Xəzər-Lənkəran”dan danışaq. Lənkəran klubunu tərk edib əsas rəqibi “Neftçi”yə keçməyinin səbəbi nədir?
- Hər iki klub Azərbaycan futbolunda xüsusi çəkiyə malikdir. İstər “Neftçi”, istərsə də “Xəzər-Lənkəran” çempionluğa bir nömrəli namizəddirlər. Bu komandalar arasında keçirilən oyunlar həmişə böyük ajiotaja səbəb olur. “Neftçi”yə keçməyimə gəlincə, peşəkar futbolçuyam. İstədiyim kluba keçə bilərəm. 5 il “Xəzər-Lənkəran”ın uğurları üçün tər tökmüşəm. İndi “Neftçi”nin uğurları üçün çalışacağam. “Xəzər-Lənkəran” rəhbərliyi və məşqçi heyəti ilə heç bir problemim olmayıb. Qarşılıqlı anlaşma əsasında ayrılmışıq. Şükür Allaha, maddi baxımdan da heç vaxt problemim olmayıb. “Xəzər-Lənkəran” rəhbərliyi istər maddi, istərsə də mənəvi cəhətdən futbolçulara dəstək olub. Ancaq mühiti dəyişmək istəyirdim. 5 il rayonda çıxış etdikdən sonra ailəmin də təkidi ilə klubumu dəyişdim. Ən yaxşı təklif “Neftçi”dən gəldi. Mən də qəbul etdim.

- “Neftçi” və “Xəzər-Lənkəran” qarşılaşmalarında böyük ajiotaj olduğunu dedin. Bu komandalar noyabrın 8-də Lənkəranda qarşılaşacaqlar. Keçmiş komandana qarşı oyunu səbirsizliklə gözləyirsən?
- Bayaq da dedim, bu komandaların oyunlarına həmişə böyük maraq olub. Biz futbolçular da bu derbi oyununu səbirsizliklə gözləyirdik. Sabiq komandama qarşı oyunu səbirsizliklə gözləyirəm. Əvvəllər “Xəzər-Lənkəran”ın heyətində “Neftçi”yə qarşı oynamışam. Artıq yeni komandamın heyətində sabiq klubuma qarşı oyun keçirəcəyəm. Onu deyə bilərəm ki, azarkeşləri maraqlı və gərgin matç gözləyir. Çünki hər iki komanda heyətini xeyli gücləndirib.

- Lənkəranlı azarkeşlər səni komandanın əsas rəqibi “Neftçi”yə keçməyinə görə pis qəbul edə bilər. Bundan ehtiyatlanmırsan ki?
- Xeyr. Qətiyyən belə bir problemim yoxdur. Çünki azarkeşlərlə əla münasibətim olub. İndiyədək bəziləri mənimlə əlaqə saxlayıb hal-əhval tuturlar. Peşəkar futbolçu belə şeyləri dərd etməməlidir. Çünki azarkeşlər də bilirlər ki, futbolda belə keçidlər tez-tez baş verir. İnanıram ki, Lənkərandakı oyunda xoşagəlməz hadisə olmayacaq.

- Yeri gəlmişkən, bu gün “Bakı” ilə “Qarabağ” Avropa Liqasının cavab oyununa çıxırlar. Özün də avrokuboklarda oynamış futbolçu kimi təmsilçilərimizin şanslarını necə qiymətləndirirsən?
- Hər iki komandaya uğurlar arzulayıram. Bu il onlar ölkəmizi layiqincə təmsil etdilər. İlk oyunda “Bakı”nın evdə uduzması işini daha da çətinləşdirib. “Bakı” ilə müqayisədə “Qarabağ”ın mərhələ keçmək şansı var. Düzdür, rəqib güclü olsa da, futbolda hər şey olur.

- Son olaraq, milli komandaya dəvət gözləyirsənmi?
- Həmişə millidə oynamağa hazır olmuşam. Son vaxtlar zədədən əziyyət çəksəm də, artıq belə bir problemim yoxdur. Fiziki gücüm də yerindədir. Hesab edirəm ki, millidə oynamaq vaxtım çatıb. Qarşıdakı turlarda özümü yaxşı tərəfdən göstərib, millinin məşqçilərinin diqqətini çəkməyə çalışacağam.

- Necə düşünürsən, səncə, “Neftçi”yə transfer olunmağın milliyə gedən yolunu açarmı?
- Ola bilər. “Xəzər-Lənkəran”da oynayarkən bir qədər diqqətdən kənarda qalırdıq. Çünki oyunlarımızı rayonda keçirirdik. İndi “Neftçi”nin heyətində daha çox diqqət mərkəzində olacağam.

Mənbə: “Futbol dünyası” qəzeti
0