“Qarabağ” rəhbərliyinin güvəndiyi futbolçu milli komandaya lazım olmadı
27.08.2009 - 11:24
“Qarabağ” rəhbərliyinin güvəndiyi futbolçu milli komandaya lazım olmadı
Ağdamın “Qarabağ” klubunun futbolçusu Admir Teli Albaniya yığmasına lazım olmayıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin növbəti oyunu üçün heyəti açıqlayan Yosip Kuje 28 yaşlı müdafiəçinin dəvət olunmasına ehtiyac görməyib. Sentyabrın 9-da öz meydanında Danimarka ilə görüşəcək albaniyalıların çalışdırıcısı seçim etdiyi 20 ən yaxşı oyunçu arasında Telini görmək istəməyib. Buna müdafiəçinin daim ehtiyat oyunçular skamyasında oturması səbəb olub. Belə ki, “Qarabağ”a keçdikdən sonra da dəfələrlə yığmaya dəvət alan Teli millinin heyətinə düşə bilmirdi. Bunu nəzərə alan Kuje bu dəfə ümumiyyətlə onu çağırmamağı lazım bilib. Qeyd edək ki, Teli milli komandada 4 oyun keçirib.
0