Hafiz Məmmədov: ...“Bazel”lə matçda Hacıyevskini istefa təhlükəsi gözləyir
27.08.2009 - 14:20
Hafiz Məmmədov: ...“Bazel”lə matçda Hacıyevskini istefa təhlükəsi gözləyir
“Levski”yə məğlubiyyətin ardından paltardəyişmə otağına yollanıb, komanda üzvlərinə ürək-dirək verdim. “Bazel”ə Bakıda uduzmağımız isə məni çox məyus etdi. Buna görə də bugünkü məşqdə bilərəkdən futbolçularla görüşmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

Məmmədov bu gün Avroliqanın dördüncü təsnifat mərhələsində İsveçrədə “Bazel”ə qarşı keçiriləcək oyun haqda fikirlərini bölüşüb. O, cavab görüşündə rəhbərlik etdiyi klubun qalib gələcəyinə inanır: “Nəticədən asılı olmayaraq, komandamı həmişə dəstəkləmişəm. Avrokuboklarda minimum məqsədimiz bir mərhələ keçmək idi. Artıq biz Avroliqanın pley-off mərhələsindəyik. Təkcə “Bazel”lə görüşdə 3 qol buraxmağımıza heyfsilənirəm. Çünki “Bakı” qitə miqyaslı yarışlarda heç vaxt öz meydanında uduzmamışdı. Bu, mənə pis təsir etdi. Hər halda, ürəyimə damıb ki, mərhələni keçməsək də, cavab oyununda qələbə qazanacağıq”.

“Bakı”nın prezidenti “Bazel”lə qarşılaşmadan sonra bir neçə futbolçunun komandadan kənarlaşdırılacağının istisna olmadığını söyləyib. Baş məşqçi Qyoko Hacıyevskini də məğlubiyyətlərdə günahkar sayan Məmmədov onun istefaya göndərilməyəcəyini vurğulayıb: “Komandanın məğlubiyyətində hamının, o cümlədən baş məşqçinin də günahı var. “Bazel”lə ilk matçın gedişində Hacıyevskinin Jabanı əvəzləməsi bizə qaranlıq qaldı. Ancaq qarşılaşmadan sonra o bildirdi ki, braziliyalı futbolçu özü əvəzlənməsini istəyib. 1:3 hesablı məğlubiyyətə çox təəccübləndim. 7 dəqiqəyə 3 qol buraxdıq. Amma bu o demək deyil ki, “Bazel”lə matçda Hacıyevskini istefa təhlükəsi gözləyir”.
0