Almanlar Azərbaycanla oyuna qapıçı tapıblar
27.08.2009 - 18:08
Almanlar Azərbaycanla oyuna qapıçı tapıblar
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Azərbaycan yığması ilə oyunda meydana hansı qapıçını buraxacağını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, sentyabrın 9-da Hannoverdə keçiriləcək dünya çempionatının seçmə matçında futbolçularımız Robert Enkenin qoruyacağı “çərçivə”ni dəqiq nişan almağa çalışacaqlar.

Almaniya Futbol İttifaqının rəsmi saytına müsahibə verən 49 yaşlı mütəxəssis seçimini belə izah edib: “Sentyabrın 5-də CAR-la oyunda qapını Rene Adler, 4 gün sonra Azərbaycanla görüşdə isə Robert Enke qoruyacaq. Söz verirəm ki, noyabrın 14-də Çili və 18-də Misirlə yoxlama oyunlarında müvafiq olaraq, Tim Vize və Manuel Noyerə güvənəcəyəm. Əsas düşündüyüm isə oktyabrdakı oyunlardır. Beynimdə oktyabrın 10-da Rusiya və ayın 14-də Finlandiya ilə keçirəcəyimiz qarşılaşmalar var. Bunları düşünərək, sentyabr və noyabrdakı 4 matçı 4 qapıçı arasında belə bölüşdürmək haqda qərar qəbul etmişəm”.

Qeyd edək ki, Enke digər 3 həmkarı ilə müqayisədə daha təcrübəlidir. Robert yığmada 8 matç keçirib. Adler 4, Noyerlə Vize hərəyə 1 dəfə milli komandanın heyətində meydana çıxıb. Avqustun 12-də Bakıda keçirilmiş Azərbaycan yığması ilə görüşdə (2:0) də almanların əsas qapıçısı Robert Enke idi.
0