“Möcüzə” yağları
28.08.2009 - 11:39
“Möcüzə” yağları
İyul və avqust aylarında Azərbaycan futbolu, xüsusilə “Bakı” və “Qarabağ” haqda o qədər təriflər eşitdik ki, düz 2015-ci ilədək bəsimizdir. Bu azmış kimi, dünən təriflərinin biri 1 qəpiyə olan Fikrət Adıgözəlli “İdman-Azərbaycan” telekanalında yayımlanan “Bazel” - “Bakı” oyununu burnumuzdan gətirdi...

Tərifdən söz düşmüşkən deyim ki, keçmişi unutmaqda bizə çatan yoxdur. Bir saniyənin içində eramızdan əvvəli də, eramızdan sonranı da unutmağa hazırıq. Məsələn, bir millət vəkili var idi, həyatını “Qarabağ”ı, bu klubun sponsoru “Azersun Holding” şirkətini tənqid etməyə, yıxıb-sürüməyə həsr etmişdi. Sonra çərxi-fələk tərsinə dövran etdi. Deyəsən, “Azersun Holding”in istehsalı olan “Möcüzə” yağları (ancaq bilmirəm, günəbaxan yağı idi, yoxsa qarğıdalı) köməyə gəldi və həmin millət vəkili 540 dərəcə dəyişdi. “Qarabağ”ın Avroliqanın ikinci təsnifat mərhələsində “Rusenborq”la cavab görüşündən öncə hətta məşqə (!) də gələn bu deputat Ağdam klubuna mənəvi dəstəkdən, komandaya ülvi sevgisindən hap-gop etməyə başladı. O, bəlkə də “Möcüzə” yağlarının təsirindən Vüqar Nadirovu “əjdaha futbolçu” adlandırdı. Gülməlidir, hə? Futbol haqqında cüzi anlayışı olan hər kəs bilir ki, Vüqar Nadirov gənc və perspektivsiz, sıradan bir oyunçudur. Vüqarın “Honka”, eləcə də “Tvente” ilə görüşlərdə qapıçı ilə təkbətək çıxdığı epizodlarda mən qol vurardım, ancaq bu “əjdaha futbolçu”nun rəqib qapıçının önündə dizləri əsdi. Xahiş edirəm, düzünü deyin: Nadirov indiyədək hansısa oyunun taleyini həll edib? Yığmada, “Qarabağ-Azərsun”da, “Xəzər-Lənkəran”da, “Karvan”da və ya yenidən qayıtdığı “Qarabağ”da onun qeyri-adi oyununu xatırlayırsınız?

Guya Vaqif Cavadov Vüqar Nadirovdan geri qalır? Sırf hücumçu mövqeyində çıxış edən Cavadov Avroliqada 6 matça 1 qol da vura bilməyib! Təsəvvür edirsiniz, hücumçunun hokkey ölkəsi kimi tanınan Norveç və Finlandiya klublarının qapısına yol tapa bilməməsi rüsvayçılıqdır. Ümumiyyətlə, pul dalınca qaçan futbolçu peşəkar deyil! Hansısa azərbaycanlı futbolçunun “qoy, pul mənim dalımca gəlsin, mən pulun dalınca yox” prinsipi var? Üç il əvvəl pulun iyini duyan Vaqif Moskva MOİK-ni “Qarabağ”a dəyişəndə, öz-özünün yolunu bağlamışdı. İndi də onun Almaniya Bundesliqasında, Hollandiyanın vitse-çempionu “Tvente”də oynamaq qabiliyyəti haqda dastanlar yazılır. Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün etika xətrinə Cavadova kompliment deməsi, guya “Tvente”nin çalışdırıcısı Stiv Maklareinin müştəri gözü ilə Vaqifi süzməsi kimi söz-söhbətləri əllərində bayraq tutanlar var. Görün, nə ilə fəxr edirik? İngiltərədən qovulan Maklaren guya Cavadovu altdan-altdan süzüb?

Həmişə demişəm ki, Azərbaycanda ulduzu sönmüş 3 futbolçu var: Vaqif Cavadov, Vüqar Nadirov və İlqar Qurbanov. Bunlar haqqında qalaq-qalaq yazılan tərifnamələr isə sabun köpüyü təsirini bağışlayır. Bizdə az-çox futbol oynamağı bacaran Rəşad Sadıqovdur ki, ona da heç Türkiyə Superliqasında yer tapılmır, ondan qala Almaniya Bundesliqası olsun. Bəli, bu acı reallıqdır: bizdə ULDUZ futbolçu yoxdur! Futbolçuya ona görə “ulduz” deyirlər ki, belələri həqiqətən də parlayır, onlara çatmaq göydəki ulduzlara çatmağa bənzəyir. Azərbaycanda belə qeyri-adi futbolçunu axtarmaq sadəlövhlükdür. Məgər Rəşad Sadıqovun Türkiyənin ortabab klubu “Kayserispor”da yarımçıq legioner həyatı ilə öyünməliyik? Yoxsa, “Valyadolid”in ikinci heyətində baxışda olması ilə? Onun Superliqanın autsayderi “Kocaelispor”da forma geyinməsini gözə soxmaq lazım deyil. Hər iki oyundan bir rəqib komanda üçün penalti yaradan, əli ilə oynamaqdan doymayana “ulduz futbolçu” demirlər. Bu cür oyunçunu Avropanın ortabab klubunun həndəvərinə də yaxın qoymurlar.

“Bakı”nın prezidenti Hafiz Məmmədovdan isə bir xahişim var. Hafiz müəllim, oyundan öncə nikbin proqnozlar verməyin. “Levski”ni udacağımızı deyirdiniz, 0:2 məğlub olduq. “Bazel”i üstələyəcəyimizi düşünürdünüz, 1:5 hesablı darmadağınla üzləşdik. Allah bizi üçüncü proqnozdan qorusun! Uduzmamaq üçün komandaya həm də güclü müdafiə xətti lazımdır, uşaq səhvləri buraxan müdafiəçilər yox. Udmaq üçün isə yüksək ustalıq səviyyəsinə malik yarımmüdafiəçi və hücumçulara ehtiyac var. “Bazel”lə görüşlərdə mənə elə gəldi ki, Qyoko Hacıyevski meydançaya müdafiəçi buraxmağı unudub.

Bir də “Bakı” və “Qarabağ” rəhbərliklərinin həvəskar klublara xas addımını qeyd etmək istəyirəm. Adıçəkilən komandalar Premyer Liqanın ilk iki turunda meydana çıxmadılar, nə var-nə var ki, Avroliqada mübarizə aparırlar. Mən anlaya bilmirəm: məgər Avroliqa 1-2 günlük yarışdır? “Bakı”, yaxud “Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazansaydı, necə olacaqdı? Onların Premyer Liqada XVIII turadək bütün oyunları təxirə salınacaqdı?... Heç olmasa, “Bazel”ə, “Tvente”yə baxıb, ibrət götürün. Avroliqada 2 mərhələ keçmişik deyimdən, özümüzü itirməliyik? Eh, klublarımızı qınamıram, bu vaxta qədər pley-off mərhələsinə yüksəlişi görməmişik, neyləyək? Yaşasın, UEFA prezidenti Mişel Platini və onun yeni formatı!

Aqşin ƏLİYEV
0