Türkiyədə Rəşad Sadıqovu qovdu, indi Bakıya gəlir
28.08.2009 - 23:00
Türkiyədə Rəşad Sadıqovu qovdu, indi Bakıya gəlir
UEFA növbəti dəfə Azərbaycan milli komandasının oyununu səriştəsiz hakimə tapşırıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlılar arasında Avropa çempionatının Belarusla qarşılaşmasını idarə edəcək Mario Vlk aşağı səviyyəli olması ilə seçilir.

Sentyabrın 9-da Bakıda keçiriləcək oyundan 12 gün sonra 35 yaşını qeyd edəcək slovakiyalı 2006-cı ildən etibarən FİFA hakimidir. 3 ilə yaxındır beynəlxalq arenada olmasına baxmayaraq, Vlk UEFA-nın hakimlər üçün 4-cü kateqoriyasına daxildir. Marionun FİFA hakimi kimi debütü də uğursuz alınıb. 2007-cı ildə İntertoto kubokunu Vilnüsdəki “siftəsi” slovakiyalının yaddaşından çətin ki silinsin. Litva “Vetra”sı ilə Polşa “Legiya”sı arasında matçda start fiti verən Vlk oyunu bitirə bilməmişdi. Meydan sahibləri 2:0 hesabı ilə öndə olarkən yüzlərlə azarkeşin arenaya axışması və kütləvi iğtişaşlar oyunun dayandırılmasına səbəb olmuşdu.

Bundan sonra o qədər də ciddi qəbul olunmayan qarşılaşmalara təyinat alan Mario Azərbaycan milli komandasının da görüşündə fit çalıb. O bu il iyunun 23-də Kayseridə baş tutan yoldaşlıq oyununda yığmamızın Türkiyəyə məğlubiyyətini qeydə alınıb. Özü də 4-cü dərəcəli hakim olduğunu sübut etməklə. O qapımıza penalti təyin etməklə yanaşı, millimizin kapitanı Rəşad Sadıqovu da meydandan qovaraq şübhəli qərarlar vermişdi.

Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
0