“Xəzər-Lənkəran”da yeni təyinat
28.08.2009 - 18:29
“Xəzər-Lənkəran”da yeni təyinat
“Xəzər-Lənkəran” klubunda yeni təyinat gerçəkləşib. Apasport.az saytının məlumatına görə, ukraynalı Yuri Panfilov bundan sonra Lənkəran klubunun əvəzedici komandasına da rəhbərlik edəcək. Fazil Əsədovun yerinə əvəzedici komandanın baş məşqçisi postuna gətirilən 47 yaşlı mütəxəssisin artıq köməkçisi də məlumdur.

Panfilov apasport.az-a açıqlamasında təyinat barədə bunları deyib: “Yəqin ki, klub rəhbərliyi uşaq və yeniyetmələr məktəbindəki uğurlu fəaliyyətimizi nəzərə alaraq, belə bir qərar verib. Mənimlə yanaşı Samir Ələkbərov da, əvəzedici komandada çalışacaq. Köməkçim də məhz Ələkbərov olacaq”.

Ukraynalı məşqçi bildirib ki, əvvəlki vəzifəsindən uzaqlaşdırılması barədə yazılanlar dezinformasiyadır: “Mən eyni zamanda uşaq və yeniyetmələr məktəbində də işləyəcəyəm. Başqa sözlə, bu işləri paralel həyata keçirəcəyəm. Hər gün müxtəlif yaş qruplarından ibarət 3 komandanı və əvəzedici heyəti məşqə çıxaracağam. Üstəlik, 1999-2000-ci il təvəllüdlü uşaqlardan ibarət kollektivə də rəhbərlik edəcəyəm. Çətin olub-olmayacağına gəlincə, necə deyərlər, bu, bizim işimizdir. Rəhbərlik uşaq və yeniyetmə futbolunun inkişafı, eləcə də əvəzedici heyətin uğurlu çıxışı üçün bütün şəraiti yaradıb. İnanıram ki, biz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyik”.

Qeyd edək ki, Panfilov uşaq və yeniyetmələr məktəbinin rəhbəri vəzifəsinə ötən ay təyin edilib.
0