“Barselona” Avropanı silib-süpürdü
29.08.2009 - 09:47
“Barselona” Avropanı silib-süpürdü
UEFA Superkubokunun növbəti qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu dəfə mükafatı İspaniyanın “Barselona” klubu öz muzeyinə aparıb. Kataloniyalılar həlledici görüşdə UEFA kubokunun son sahibi Donetsk “Şaxtyor”unu üstələyib.

Hərçənd, bu qələbə “Barselona”ya heç də asan başa gəlməyib. Monakonun “II Lui” stadionunda keçirilən görüşün əsas vaxtında hər iki komanda qapısının toxunulmazlığını qoruyub. Əlavə vaxtın bitməsinə 5 dəqiqə qalmış isə ukraynalı azarkeşlər şoka düşüblər. Hamı qalibin penaltilər seriyasında müəyyənləşəcəyini düşündüyü vaxt Pedrito səhnəyə çıxıb və onun dəqiq zərbəsi “Barselona”ya UEFA Superkubokunu qazandırıb.

Beləliklə, Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv 4 ay ərzində 5-ci titula layiq görülüb. İspaniya çempionluğu, ölkə kuboku, Çempionlar Liqasında parlaq qələbənin ardından bu ay Kataloniya klubu daha iki qənimətə yiyələnib: İspaniya Superkuboku və UEFA Superkuboku.
0