Hamı yatıb, Elvin oyaq
07.09.2009 - 12:05
Hamı yatıb, Elvin oyaq
Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədov finlərin qəniminə çevrilib. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi son 38 gündə “suomilər”ə 3 qol vurub.

Yığmamızın heyətində Finlandiya ilə Lənkəranda keçirilən rəsmi oyunda (1:2) qol vuran Elvin bunadək həmin ölkənin təmsilçilərinə avrokuboklarda zərbə vurmuşdu. Söhbət Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Finlandiyanın “Honka” klubunun oyunlarından gedir. Hər iki görüşdə rəqibini minimal hesabla yenən komandamız səfərdə 1:0, evdə 2:1 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, elə yığmanın da görüşünü nəzərə alsaq, hər üç oyunda hesabı açan məhz Elvin olub.

Hücumçuların susqunluğunda qol vurmaq vəzifəsini öz üzərinə götürən Elvin milli komandamızda ikinci qolunu vurdu. O, qol hesabını 2008-ci ilin oktyabrın 15-də Bəhreyn yığması ilə səfərdə keçirilən yoldaşlıq görüşündə açıb. Məmmədov 2:1 hesabı ilə qalib gəldiyimiz həmin oyunda qələbə topunun müəllifi olub. Həmin vaxt Bakının “İnter” klubunun futbolçusu olan Elvin bu yay “Qarabağ”a keçib.

Göründüyü kimi, Məmmədovun qol vurduğu oyunlar 2:1 hesabı ilə nəticələnir. Fərq ondadır ki, bunların birində yığmamız, digərində rəqib qələbə qazanıb. İndiyə kimi milli komandamızda baş məşqçi postunda iki yoldaşlıq görüşündə 2:1 hesabı ilə qələbə qazanan (Bəhreynə qədər 2008-ci ilin iyunun 4-də səfərdə Andorra yığması ilə səfər oyunu) almaniyalı Berti Foqts ilk dəfə bu hesabla yenildi.