Andorra Azərbaycan yığmasını Ukraynanın tarixində saxladı
07.09.2009 - 12:39
Andorra Azərbaycan yığmasını Ukraynanın tarixində saxladı
Andorra yığması Azərbaycan milli komandasını Ukrayna futbol tarixində saxladı. Apasport.az saytının məlumatına görə, ukraynalıların tarixində ən böyük hesablı qələbəsini (6:0) yığmamız üzərində qazanması hələ də fakt olaraq qalır. Hərçənd bunun Ukraynanın Andorra ilə son rəsmi oyununda dəyişəcəyi gözlənilirdi.

Hər halda, Andrey Şevçenkonun kapitan sarğısını daşıdığı yığmanın evdə “cirtdan ölkə” təmsilçisini darmadağın edəcəyi şübhə doğurmurdu. Sadəcə, hesabın necə olacağı maraq doğururdu. Reqlamentə görə, qrupda xallar eyni olacağı halda, şəxsi oyunlar yox, topların fərqi əsas götürülür. Bu mənada ukraynalılar Andorraya imkan daxilində çox qol vurmağa və Xorvatiyaya çatmağa çalışsalar da, 5-dən artığına gücü çatmadı – 5:0.
Özü də bunun hamısına standard vəziyyətdən nail olan Şevçenkonun komandası son 3 qolu penalti zərbəsindən vurub. Bunun ikisi isə son dəqiqədə baş verib.

Belə məğlubiyyətdən üzülən Andorra yığmasının baş məşqçisi David Roqriqo hakimdən gileylənib: “Ukraynanın bizdən güclü olduğunu bilirdik. Ancaq gözləmirdik ki, onlara kömək edən hakim qapımıza penalti və cərimə zərbələri təyin edəcək. Andorrada cəmi 30 peşəkar futbolçu var və onlar arasında seçim etməli oluruq. Adətən cəmi üç top fərqi ilə uduzduğumuzu nəzərə alsaq, bu gün bizim üçün uğursuz gün oldu”.

Qeyd edək ki, milli komandamız 0:6 hesabı ilə 2006-cı il avqustun 15-də Kiyevdə keçirilən yoldaşlıq görüşündə uduzub. Ukraynalıların rəsmi oyunlarda ən böyük hesablı qələbəsi 5:0 olub ki, bu, Andorra və Farer adaları ilə görüşlərdə reallaşıb. Yığmamız Ukrayna ilə yanaşı, Fransa milli komandasının da tarixinə düşüb. Yəni bu ölkənin yığması da ən böyük hesablı qələbəsini Azərbaycan üzərində qazanıb. 1995-ci ilin sentyabrın 6-da Oser şəhərində qeydə alınan həmin məğlubiyyət bizim üçün daha acınacaqlı olub – 0:10.