AFFA rəsmisindən sensasion açıqlama: Bu olmasa, heç nə alınmayacaq!
07.09.2009 - 12:58
AFFA rəsmisindən sensasion açıqlama: Bu olmasa, heç nə alınmayacaq!
“Milli komandamız Finlandiya ilə matça yaxşı başlasa da, təəssüf ki, sonadək çatdıra bilmədi. Futbolçular bizə istədiyimiz nəticəni verməyi bacarmadılar”. Bu sözləri apasport.az saytının Hannoverə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib.

Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan - Finlandiya (1:2) görüşü barədə fikirlərini bölüşən Əliyev bildirib ki, acı məğlubiyyətə məhz yığma üzvlərinin oynamamaları səbəb olub: “AFFA rəhbərliyi tərəfindən milli komandaya bütün şərait yaradılıb. Ancaq Finlandiya ilə qarşılaşmada futbolçularımız oynamadılar. Onlar ikinci hissəyə yaxşı başladılar. Fasilədən sonra ilk 10 dəqiqədə çox gözəl çıxış etdilər və qol vurub, hesabda önə keçdilər. Lakin sonra dayandılar, 2 qol da buraxdılar. Nəticədə nə oldu: yenə uduzdular. Burada həm fiziki, həm də müəyyən mənada taktika məsələlər özünü göstərdi. Fakt budur ki, biz onlardan istədiyimiz nəticəni ala bilmədik”.

Assosiasiya rəsmisi vəziyyətdən çıxış yolunu göstərib: “Problemin həlli üçün futbolçular öz üzərlərində işləməli, istər yığmada, istərsə də klubda oynamalıdırlar. Bu olmasa, heç nə alınmayacaq!”

Rauf Əliyev sentyabrın 9-da Hannoverdə Almaniya və Azərbaycan yığmaları arasında keçiriləcək görüş barədə ətraflı danışmaq istəməyib. “Səfərdən xalla dönə bilərikmi?” sualına onun cavabı qısa olub: “Biz ümidlə yaşayırıq”.