Litmanen Hyuyupyaya Lənkəranda çatdı
07.09.2009 - 16:01
Litmanen Hyuyupyaya Lənkəranda çatdı
Finlandiya milli komandasının kapitanı Sami Hyuyupyanın seriyası Lənkəranda qırıldı. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bayer” klubunda forma geyinən 36 yaşlı müdafiəçi ilk dəfə olaraq Azərbaycanla görüşdə meydana çıxa bilmədi.

Yığma ilə birgə Lənkərana gələn Hyuyupya son məşqdə iştirak etsə də, meydana çıxası olmadı. Bu azmış kimi, baş məşqçi Stüart Bakster kapitanının adını heç oyunun 18 nəfərlik iştirak ərizəsinə də daxil etmədi. Milli komandamızla bunadək 7 matçın hamısında meydana çıxan Sami hətta bizə qol da vurub. Ancaq yığmamızla növbəti oyun öncəsi qripə yoluxan müdafiəçi Lənkərandakı görüşü kənardan izlədi.

Onun bu “büdrəməsi” komanda yoldaşı Yari Litmanen üçün sərfəli olub. Belə ki, Finlandiya futbolunun əfsanəsi, milli komandanın ən yaxşı oyunçusu Samiyə Lənkəranda çatdı. İndi hər iki təcrübəli futbolçu yığmamıza qarşı 7 dəfə oynamaqla, komanda yoldaşlarından öndə durur. Hyuyupya kimi, bizə qol vuran Litmanen Lənkərandakı oyuna qədər bir dəfə millimizlə görüşü buraxmalı olmuşdu. 38 yaşlı futbolçu axırıncı görüşdə sonradan meydana çıxmaqla, oyunun qəhrəmanına çevrildi. Belə ki, finlər məhz Yarinin iki məhsuldar ötürməsindən sonra qapımıza yol tapa bilib.
0