Maradonanı istefaya səslədilər
07.09.2009 - 16:12
Maradonanı istefaya səslədilər
Argentinada əfsanəvi futbolçu Dieqo Maradonanın istefasını tələb edirlər. Apasport.az saytının məlumatına görə, milli komandanın sükanı arxasına bu il keçən 49 yaşlı mütəxəssisin 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya yığması ilə evdə keçirdikləri son oyunda məğlubiyyətdən (1:3) sonra gedişini gözləyirlər.

Argentina azarkeşlərinin yarıdan çoxu (65 faizi) hesab edir ki, Maradonanın milli komandada dövrü sona yaxınlaşıb. Braziliyaya da uduzduqdan sonra turnir cədvəlində mövqeyini daha da pisləşdirən argentinalılar 1970-ci ildən bu yana ilk dəfə dünya çempionatından kənarda qalmaq təhlükəsi ilə üzləşib.

Turnirin seçmə mərhələsinin sonuna üç oyun qalmış 4-cü yerdə gedən ikiqat dünya çempionlarını qarşıda Paraqvay və Uruqvay yığmaları ilə çətin oyunlar gözləyir. 2010-cu il dünya çempionatına vəsiqəni özü üçün təmin edən qrup lideri Braziliyadan artıq 8 xal geridə qalan Argentinanı Kolumbiya və Ekvador da haqlayıb. Belə ki, bu yığmalar Maradonanın komandasından iki xal geri qalır.
0