Azərbaycan yığması Avropanın 7-8 komandasından biridir!
07.09.2009 - 17:29
Azərbaycan yığması Avropanın 7-8 komandasından biridir!
FİFA dünya çempionatının seçmə mərhələsinə qatılan milli komandaların statistik göstəricilərini açıqlayıb. Azərbaycan yığması məhsuldarlığa görə 53 Avropa ölkəsi arasında 50-51-ci yerləri tutur.

Apasport.az saytının məlumatına görə, cədvəlin aşağısından yuxarı 3-4-cü olan yığmamız özü kimi 7 matça 1 qol vuran Lixtenşteynlə şərikdir. Yalnız 8 oyuna bu qədər qol vuran San Marino və hələ də fərqlənməyən Malta bizə həsəd apara bilər. Millimiz kimi, 7 matça çıxan ingilislər isə Avropanın ən məhsuldar komandası olmaqla yanaşı, futbolçularımızdan 26 dəfə üstün olub. Onlar 26 qola imza atıb.

7 matça 9 qol buraxan milimiz İsrail və Makedoniya ilə birlikdə 31-33-cü yerlərdə qərarlaşıb. Şotlandiya, Rumıniya və Finlandiya da Azərbaycan yığmasının müdafiə xəttinə həsəd aparanlar sırasındadır. Ən bərbad arxa xəttə malik Andorra 8 oyuna 30, San Marino 37 top buraxıb. Amma Andorra kimi cırtdan ölkədə vur-tut 171 futbolçu qeydiyyatdan keçib ki, onların da 42-si yığmada oynamaq hüququna malikdir. Ən etibarlı müdafiə isə İspaniya və Hollandiyadadır – 7 oyuna 2 top.

Sentyabrın 9-da rəqibimiz olacaq Almaniya yığmasının intizamına isə bütün Avropa həsəd aparır. Bundestim 7 qarşılaşmada cəmi 2 sarı vərəqə alıb. Azərbaycan isə əks qütbdə qərarlaşıb. 18 sarı və daha ikisi qırmızıya çevrilən xəbərdarlığı olan millimiz Kiprlə birlikdə Avropada 7-8-ci komandadır. Ən kobud komanda olan Andorrada isə 25 vərəqəsi var.

Azərbaycan yığması penalti vurmayan 24 komandadan biridirsə, Ukrayna 4, Rusiya 3 penalti ilə hamıdan qabaqdadır. Millimiz birbaşa qırmızı vərəqə alan 8 ölkə arasında da yer almayıb. Lakin 2 sarı vərəqəyə görə meydandan qovulan 10 ölkənin 11 futbolçusundan biri millimizin üzvüdür.
0