“Futbolçular Almaniya ilə oyundan çox bazarlıq haqda düşünürlər”
07.09.2009 - 18:09
“Futbolçular Almaniya ilə oyundan çox bazarlıq haqda düşünürlər”
“Azərbaycan yığması ilə indiki müqaviləmin ilin sonunda bitir. Lakin onun uzadılması ilə bağlı danışıq olmadığı üçün mən başqa təklifləri götür-qoy edə bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

63 yaşlı mütəxəssis Almaniya mətbuatına müsahibəsində yetirmələrinin görüşdən bir gün əvvəl hazırlıqla yox, istirahətlə məşğul olacağını bildirib: “Hazırda Almaniya ilə çətin oyuna hazırlaşırıq. Çalışacağıq ki, onları narahat edə bilək. Bunu nə dərəcədə bacaracağımızı isə bilmirəm. Belə qarşılaşma ərəfəsində oyunçularımızı yükləmək istəmirəm. Əksinə, onlara istirahət verəcəyəm. Gənc komandamız var. Onların çoxu həyatında ilk dəfə Almaniyaya gəlib. Oyundan bir gün əvvəl onlara imkan yaradacağam ki, şəhəri gəzsinlər, bura ilə tanış olsunlar. Həm də bazarlıq etsinlər. Axı bunu Almaniya – Azərbaycan oyunundan daha çox gözləyirlər (gülür)”.

Qeyd edək ki, Almaniya – Azərbaycan oyunu sentyabrın 9-da Hannover şəhərinin “AWD-Arena” stadionunda keçiriləcək.

Mənbə: extratime.az