Ağasəlim Mircavadov: Mənim deyiləsi sözüm yoxdur
07.09.2009 - 23:00
Ağasəlim Mircavadov: Mənim deyiləsi sözüm yoxdur
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Azərbaycan - Finlandiya matçı sizdə hansı təəssürat oyatdı?
- Bu oyuna böyük ümidlərlə baxırdım. Çox istərdim ki, görüşü doğma Lənkəranda izləyim. Ancaq komandamız Bakıda hazırlıq keçirdi və işlə əlaqədar paytaxtda qalası oldum. Belə olan halda, oyunu televiziyadan izlədim. Əfsuslar olsun ki, oyunla bağlı xatirəmdə yadda qalan şeylər az oldu.

- Hər halda, yadınızda qalan məqamlara toxunardınız...
- Təbii ki, Lənkəranda azarkeş dəstəyi həmişə olduğu kimi güclü idi. Ən əsası, yadımda qalan futbolçu yerdəyişmələri idi. Baş məşqçi futbolçuları düzgün mövqelərdə oynatmırdı.

- Konkret Vüqar Nadirovla Ruslan Abışovu nəzərdə tutursunuz...
- Bəli. Vüqar hücumçu olduğu halda, yarımmüdafiənin sol, mərkəz müdafiəçisi olan Ruslan da müdafiənin sol cinahında idi. Axı ora Abışovun mövqeyi deyil... Futbolçuları öz mövqeyində oynatmamaq sol cinahımıza öz mənfi təsirini göstərirdi. Oranın zəifləməsindən rəqib istifadə edirdi. Belə olan halda, sol cinahı bağlamaq lazım idi.

- Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- İlk növbədə onu deyim ki, motivasiya elə də deyildi. Gəlin razılaşaq ki, Finlandiya əvvəlki Finlandiya deyildi. Onların dünya çempionatına çıxmaq şansı demək olar yoxdur. Rəqib ilk növbədə öz adına, dünyadakı reytinqinə görə oynayırdı. Futbolçularımızın çıxışından, qazandığı nəticə gələcəyə böyük inam verməli idi. Artıq indidən gələn ili fikirləşməliyik. Bizə özünəinam baxımından qələbə həddən artıq vacib idi. Ancaq təəssüf ki, buna nail ola bilmədik. Halbuki, hesabı biz açmışdıq və qələbə qazana bilərdik. Onu deyim ki, bu, udulası oyun idi. Ancaq hər iki qolu öz səhvimizdən sonra buraxdıq. Bunda müdafiəçilərimizin mövqe səhvləri öz rol oynadı.

- Finlandiya milli komandasının liderlərindən olan Yari Litmanen nə qədər səviyyəli oyunçu olsa da, artıq karyerasının qürub çağındadır. 38 yaşında sonradan meydana daxil olaraq, vurulan hər iki qolda iştirak etdi. Sizcə, Litmanenin bu yaşında belə oyunu, bizə futbol dərsi keçməsi nəyin göstəricisidir?
- Bu, finlərin prinsipiallığı ilə bağlıdır. Yəni, ölkənin əsas komandasında ən güclü futbolçular oynamalıdır. Futbolçuya yaşına yox, oyununa görə qiymət vermək lazımdır. Litmanen yaşının çoxluğuna baxmayaraq səviyyəsini göstərdi.

- Adətən komanda məğlub olanda günahı ilk növbədə baş məşqçidə görürlər. Bəs siz necə?
- Bilirsiniz, milli komandanın baş məşqçisi Berti Foqts mənim həmkarımdır. Mən onun haqda pis fikir deyə bilmərəm. Sadəcə, məni narahat edən məqamlar oldu. Baş məşqçi oyunu oxumalı, düzgün taktika qurmalı, lazımı dəyişiklər etməlidir. Ancaq onun əvəzetmələri düzgün deyildi.

- Yəqin ki, “Xəzər-Lənkəran”da rəhbərliyiniz altında oynayan Rahid Əmirquliyevin oyunun sonuna az qalmış meydana çıxmasını nəzərdə tutursunuz. Yetirməniz meydana daha tez daxil olmalı idi?
- Bəli. Rahid meydanı həddən artıq gec buraxıldı. Ona qədər hücumçu Daniel Axtyamov oyuna salındı. Halbuki həmin vaxt Axtyamovun yeri deyildi. O zaman hesabda irəli idik və üstünlüyü qorumaq üçün orta sahəni gücləndirməli idik.

- Milli komandamız uduzsa da, digər futbolçunuz Kamran Ağayevin qapıda inamlı oyunu ilə yadda qaldı...
- Mən onun oyunundan razı qaldım. Kamranın çıxışı çox xoşuma gəldi. O, gözəl oyun nümayiş etdirdi, neçə epizodda yığmamızı qoldan xilas etdi. Ağayev meydanda çox sakit, təmkinli idi. Lazımı göstərişlər verir, əllə oyundaşlarına düzgün ötürmələr verirdi.

- Milli komandanın üzləşdiyi vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Qarşıda səfərdə Almaniya ilə çətin oyun var...
- Deyiləsi sözüm yoxdur. Foqts milli komandanın baş məşqçisidir, öz fikirlərini həyata keçirir.
0